XİN başçılarının Moskva görüşü nə vəd edir? ŞƏRH-ÖZƏL

“Vyanada keçirilən rəsmi görüşdən sonra XİN başçılarının növbəti görüşünə mütləq zərurət var idi. Bildiyiniz kimi Vyana görüşündə müəyyən detalların yenidən işlənməsi ilə bağlı XİN başçılarına tapşırıqlar verilmişdi, hətta o görüşdən sonra təmas xəttində və sərhədyanı bölgələrdə monitorinq də keçirilmişdi. Bu baxımdan hesab edirəm ki, Moskva görüşünə zərurət yaranmışdı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Görüşdə ATƏT-in Minsk qrupunun ən mühüm fiqur dövlətlərindən biri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirak etdiyini deyən politoloq söyləyib ki, bu, dövlət başçılarına məruzə üçün çox mühüm əhəmiyyətli hadisədir.

A.Nağıyevin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqların formatı, eləcə də digər istiqamətlərlə bağlı verdiyi bəyanatlar bir daha göstərir ki, ermənilər Vyana görüşündən sonrakı açıqlamalarına aydınlıq gətirməlidir: “Təbii ki, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən Paşinyanın çıxışlarına cavab verilir və bildirilir ki, digər addımlar yalnız erməni ordusunun Dağlıq Qarabağ ərazisindən çıxarılması nəticəsində mümkündür. Bundan başqa Sərsəng su anbarı ilə bağlı da müəyyən açıqlamalar oldu ki, Moskva görüşü bütün bu məsələlərə aydınlıq gətirmək üçün mühüm əhəmiyyət kəsb edir ”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz Moskva görüşündən asılı olacağını demək düzgün olmaz: “ Lakin düşünürəm ki, artıq Ermənistanın hazırkı rəhbərliyi problemin həllinin zamanının çatdığını anlayır. İşğal altında olar əraziləri və orada ordu saxlamaq üçün müvafiq vəsait lazımdır. Lakin bu vəsait nə Ermənistanda, nə də onun arxasında duran qüvvələrdə yoxdur. Problemin həlli müddətinin uzanmayacağını Ermənistanın arxasında duran qüvvələr də başa düşür”.

A.Nağıyev qeyd edib ki, Ermənistanın münaqişənin həlli istiqamətində heç bir Planı yoxdur: “Əgər olsaydı çoxdan həyata keçirərdilər. Paşinyan “Dağlıq Qarabağ klanı”ndan çıxan baş nazir deyil. Əvvəlki hakimiyyətdə təmsil olunanlar səhra komandirləri olduqları üçün müəyyən bəyanat verə bilirdilərsə, hazırda Paşinyanın verəcəyi bəyanat da yoxdur. Ermənistan status-kvonu saxlamaqla qondarma qurumun hansısa dövlət tərəfindən tanınacağına ümid edir. Lakin məsələnin digər tərəflərini düşünmür. Ermənistan anlamır ki, əgər istəyinə çatsa belə ona müharibə elan edən dövlətlər ola bilər”.

Politoloq əlavə edib ki, Paşinyan sülh istiqamətində addım atarsa, bu onun nəinki devrilməsinə, hətta fiziki məhvinə belə gətirib çıxara bilər: “Bu baxımdan da problemin həlli istiqamətində fəaliyyəti tam şəkildə öz üzərinə götürmür. Ola bilsin ki, Paşinyan həyat yoldaşı və ya özünün bəyanatları ilə məsələnin ondan asılı olmadığını bildirmək istəyir. Lakin nəzərə almalıdır ki, onun baş nazir kimi fəaliyyətinin 1 ili tamam olur və o, hesabat verməlidir. Paşinyanın verəcəyi hesabatda da Dağlıq Qarabağ münaqişəsi ilk yerdədir. Bilirsiniz ki, hazırda Ermənistanda mitinqlər gedir, ictimai siyasi vəziyyət o qədər ürək açan deyil. Bundan başqa Ermənistanda iqtisadi problemlər, korrupsiya ilə bağlı müəyyən mübarizə aparılır, siyasi məsələlərdə qarışıqlıq mövcuddur. Bir sözlə desək Paşinyanın verəcəyi hesabatda üç əsas məsələ varsa, o, onlardan birinə belə cavab verə bilmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə