"Paşinyan bu addımı atmaqda müstəqil deyil" ÖZƏL-RƏY

“Azərbaycan Prezidentinin “Qarabağ probleminin həlli yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır” bəyanatı danışıqların ilk günlərindən və atəşkəs rejimindən bu günə qədər dəyişməyən mövqedir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu illər ərzində Ermənistan tərəfindən danışıqların qəsdən uzadılması, yarımçıq kəsilməsi və başqa hiyləgər yollara əl atılması və digər cəhdlər məhz ərazi bütövlüyü məsləsini danışıqlar predmetindən çıxartmaq üçün olub: “Artıq bu illər ərzində Azərbaycanın birmənalı və dəyişməz siyasi kursu problemin həlli ilə məşğul olan bütün qurumları ərazi bütövlüyü prinsipini qəbul etməyə məcbur edib. Artıq ATƏT, ABŞ və Almaniya kimi güclü region dövləti Qarabağ probleminin həllində ərazi bütövlüyü prinsipini qəbul edir və hətta qeyd-şərtsiz olaraq işğal olunmuş ərazilərdən 7 rayonun qaytarılması məsələsi qoyulur. Bu təzyiqlərin qarşısında Ermənistan rəhbərliyi seytnot vəziyyətinə düşdüyünü görür. Artıq problemin həlli üçün real hərəkətə keçmək tələb olunur. Ona görə də Paşinyan sülh sənədinə imza atmağa məhkumdur. Məsələ ondadır ki, bu sülh müqaviləsi erməniləri qane etsə belə Paşinyan bu addımı atmaqda müstəqil deyil.

Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündən dərhal sonra Paşinyanın Putinlə əlaqə yaratması bizim üçün gözlənilməz deyil. Hətta deyərdim ki, Paşinyan Putinlə əlaqə yaratmasaydı, o zaman bu gediş sensasiya olardı və bu barədə ciddi düşünməyinə dəyərdi. İndiyə qədər baş tutmuş bütün danışıqlar öncəsi və sonrası Ermənistan rəhbərləri bir qayda olaraq Rusiyaya hesab veriblər və heç də bunu ictimaiyyətdən gizli saxlamırlar. İlk növbədə, bu ənənə Ermənistanın müstəqil dövlət olmadığı və heç bir taleyüklü məsələlərdə qərar vermək səlahiyyətində olmadığına sübutdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə