Netanyahu Trampa təşəkkür üçün ABŞ-a uçub

İsrailin baş naziri Benyamin Netanyahu Colan təpələrini yəhudi dövlətinin ərazisi kimi tanımağa hazır olduğunu bəyan edən ABŞ prezidenti Donald Trampa şəxsən minnətdarlığını bildirmək üçün Vaşinqtona uçub. SİA-nın məlumatına görə, bu barədə B.Netanyahu "Tvitter" hesabında yazıb: “Mən Trampla Colan təpələri haqqında, onun bu məsələ ilə bağlı tarixi bəyanatı və eləcə də, Suriya haqqında, İrana təzyiqlərin davam etdirilməsi, ABŞ-ın bərpa etdiyi və növbəti sanksiyalar barədə, həmçinin, təhlükəsizlik və kəşfiyyat sahəsində ölkələrimiz arasındakı misli görünməmiş əməkdaşlığa dair söhbət edəcəm”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquq prinsiplərini və BMT qətnamələrində təsbit olunmuş ümumi konsensusu növbəti dəfə pozaraq, indi də Colan təpələrinin İsrailin ərazisi kimi tanınması zamanının gəldiyini bəyan edib. İstisna edilmir ki, Netanyahunun səfəri zamanı Tramp bununla bağlı rəsmi sənəd imzalaya bilər.

Xatırladaq ki, 1967-ci ildəki 6 günlük müharibədə İsrail Suriyanın Colan təpələrini işğal edib, 1981-ci ildə isə bu əraziləri birtərəfli qaydada ilhaq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə