İlk dəfə Tailandda parlament seçkiləri keçirilir

Bu gün 2011-ci ildən sonra ilk dəfə Tailandda parlament seçkiləri keçirilir. Ölkədəki 93 mindən çox seçki məntəqəsi səhər saat 08:00-da açılıb və səsvermə 17:00-dək davam edəcək.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tailandın səsvermə hüququna malik 50 milyon vətəndaşı parlamentin aşağı palatasının 500 üzvünü seçəcək. Parlamentin yuxarı palatası olan Senatın 250 üzvü isə konstitusiyaya uyğun olaraq hərbçilər tərəfindən təyin olunurlar.

Seçkilərdən sonra yeni tərkibli parlament Tailandın baş nazirini seçəcək.

Qeyd edək ki, ötən ilin dekabrında Tailandın Sülh və Nizam Milli Şurasının (qanunverici səlahiyyətlərinə malik hərbi hökumət) rəhbəri, general Prayut Çan-Oçın imzaladığı əmr ilə 2014-cü ilin mayından etibarən Tailandda əhalinin və siyasi partiyaların istənilən növ siyasi fəaliyyətlərini qadağan edən qərar ləğv olunub.

Tailandda ən son parlament seçkiləri 2011-ci ildə keçirilib. 2014-cü ildə ölkədə hərbi çevriliş olub və general Prayut Çan-Oç hərbi hökumətə rəhbərlik edib. Həmin vaxt Tailandda konstitusiyanın qüvvəsi müvəqqəti dayandırılıb və ölkədə demək olar ki, hərbi rejimə keçilib. Uzun illərdir ki, ölkədə hərbi rejim tərəfdarları ilə devrilmiş baş nazir Taksin Çinavat tərəfdarları arasında gedən hakimiyyət uğrunda mübarizə Tailnadda siyasi qeyri-sabitliyə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə