"Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək" ÇIXIŞ

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Cənub-Cənub əməkdaşlığı üzrə BMT-nin ikinci yüksək səviyyəli konfransının plenar iclasında çıxış edib. SİA nazirin çıxışını olduğu kimi təqdim edir: Cənub-Cənub əməkdaşlığının irəli aparılmasında önəmli rol oynayan tarixi hadisəni yad etmək üçün buraya toplaşmışıq. 1978-ci ildə məhz bu şəhərdə keçirilmiş inkişaf etməkdə olan ölkələr arasında texniki əməkdaşlıq üzrə Birləşmiş Millətlər Təşkilatının konfransı inkişaf etməkdə olan dövlətlər arasında iqtisadi və texniki əməldaşlığın təşviqində BMT-nin davamlı səylərində əsas hadisə olub. Hazırkı görüş inkişaf və sülh naminə daha bərabərhüquqlu qlobal tərəfdaşlıq qurmaq üçün Cənub-Cənub əməkdaşlığının davamlı aktuallığını bir daha təsdiq etmək üçün imkan yaradır. Məlum olduğu kimi, Cənub-Cənub əməkdaşlığı sürətli inkişafla öz aktuallığını sübut etmiş Cənub-Cənub həmrəyliyinin təzahürüdür. Bu, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çağırışların həllində və onların inkişafına vacib töhfə verən mühüm əhəmiyyət kəsb edən vacib bir proses olaraq artan və dinamik fenomendir. Qloballaşma və iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın dərinləşməsi prosesləri fonunda Cənub-Cənub əməkdaşlığının möhkəmləndirilməsi həm inkişaf strategiyası kimi, həm də BMT-nin əsas məqsədi olan inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək vasitəsi kimi vacib şərtə çevrilmişdir. Həqiqətən də bir sıra əsas inkişaf etməkdə olan ölkələrin sürətli iqtisadi artımı, Cənub-Cənub ticarətini və investisiyanı stimullaşdırmaqla qonşu ölkələrin inkişaf perspektivlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmışdır. Bugün inkişaf etməkdə olan ölkələr Cənub-Cənub əsasında bölüşülə biləcək, inkişaf sahəsində müxtəlif səviyyəli təcrübə və bacarıqlar toplamışlar. Məqsəd 17-də razılaşdırıldığı kimi qlobal tərəfdaşlıq inkişaf etməkdə olan ölkələrin problemlərini həll etmək istiqamətində həlledici olacaqdır. Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq strukturu inkişaf etməkdə olan ölkələrin öz inkişafı üçün siyasət meydanına malik olmasını tələb edir. Cənub-Cənub-da bilik və siyasət əlaqələndirilməsi, eləcə də təcrübə və texnologiyanın mübadiləsi dayanıqlı inkişafı sürətləndirmək üçün səmərəli yollardır. Başqa sözlə desək, inkişaf etməkdə olan ölkələr oxşar inkişaf problemləri ilə üzləşirlər. Bu səbəbdən, təcrübə və metodların yaxınlığı milli inkişaf strategiyaları və prioritetləri üzrə ümumi baxışların bölüşdürülməsinə imkan yaradır. Cənub-Cənub Əməkdaşlığına olan yanaşmamız, məhz bu təcrübə və bilikləri oxşar sosial-iqtisadi inkişaf yolları keçən cənub ölkələri ilə həmrəylik ruhunda bölüşmək olmuşdur. Öz ölkəmizin təcrübəsinə əsaslanaraq, Cənub-Cənub Əməkdaşlığının iş birliyi çərçivələri, transsərhəd və regionlararası proqramlar, habelə standartlar, tənzimləyici qaydalar və həyata keçirmə mexanizmlərinin təmin edilməsi baxımından vacib rolunu başa düşürük. Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə qoşulmaqla, Azərbaycan hal-hazırda qlobal Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) milli siyasət və proqramlara çevirməklə, milli inkişaf strategiyasını DİM-lərə uyğunlaşdırmaq üçün səylərini artırır. İnklüziv və dayanıqlı inkişaf əldə etmək, neftdən asılı iqtisadiyyatdan daha şaxələnmiş iqtisadiyyata keçid etmək, insan inkişafına davamlı sərmayələr yatırmaq və Azərbaycanın ixrac potensialını tam şəkildə açmaq üçün regional və qlobal bazarlarla daha sıx əlaqələr qurmaq Hökumətin əsas prioritet istiqamətləri sırasındadır. DİM-lərin və onların regional əlaqələndirilməsinin effektiv həyata keçirilməsini təmin etmək üçün Azərbaycan BMT-nin Ölkə Ofisi ilə əməkdaşlıq çərçivəsində, milli dayanıqlı inkişaf gündəliyinin implementasiya vasitələrini müzakirə etmək, müvafiq bilik və təcrübə mübadiləsi aparmaq, DİM-lər ilə əlaqədar ən yaxşı beynəlxalq təcrübələri öyrənmək məqsədilə keçən il davamlı inkişaf üzrə Bakı Forumunu təşkil etmişdir. DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsi üzrə məsul olan rəsmilərin, habelə BMT nümayəndələri və beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi konfransda, DİM-lərin milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair "Bakı prinsipləri" qəbul edilmişdir ki, bu da bilik mübadiləsi üçün yaxşı bir əsas rolunu oynaya bilər. BMT-nin Ölkə Ofisi və BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisi tərəfindən 2016-cı ildə keçirilən "Azərbaycanda Cənub-Cənub və Üçtərəfli Əməkdaşlığın inkişaf etdirilməsi üçün istiqamətlər və imkanlar" üzrə milli qiymətləndirmə göstərir ki, Azərbaycan müxtəlif inkişaf sahələrində, məsələn effektiv ictimai xidmət, təhsil, əmək və sosial müdafiə, gənclərin səlahiyyətlərinin artırılması, minatəmizləmə fəaliyyəti və digər sahələrdə öz ekspertizasını bölüşmək üzrə müqayisəli üstünlüyə malikdir. Qeyd olunmalıdır ki, son 15 il ərzində Azərbaycan ehtiyatlı iqtisadi siyasət apararaq sürətli sosial-iqtisadi uğur qazanmışdır və bu da ölkəmizi yardım qəbul edən ölkədən donor ölkəyə çevirmişdir. Belə sosial-iqtisadi artım, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım və inkişafa dəstək üçün Azərbaycana müraciətlərin artmasına gətirib çıxarmışdır. Məhz belə müraciətləri vaxtında və yaxşı koordinasiya olunmuş şəkildə cavablandırmaq məqsədilə, 2011-ci ildə milli donor təşkilatı - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində yaradılmışdır. AİDA qurulduğu gündən etibarən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişafın təmin edilməsi üçün, insan və institusional qabiliyyətin artırılması, yaxşı təcrübələri həmin ölkələrin milli və strateji planlarına uyğun bir şəkildə bölüşülməsi vasitəsilə bir çox mexanizmlərdən istifadə edir. Ötən illər ərzində, 90-dan artıq ölkə, xüsusən də Afrika, Asiya və Latın Amerikası ölkələri AİDA tərəfindən ikitərəfli və çoxtərəfli şəkildə həyata keçirilən texniki dəstək və humanitar yardım proqramlarından faydalanmışdır. Biz təxminən 2 milyona yaxın insana kömək etmişik və benefisiar ölkələrin sayı və təmin edilmiş yardımların həcmi daim artır. Cənab Prezident, Azərbaycan kimi yeni donor ölkələrin vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, ən az inkişaf etmiş ölkələr (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) və infişaf etməkdə olan kiçik ada ölkləri (SIDS) kimi həssas iqtisadiyyatların davamlı inkişafı üçün son dərəcə vacib olan Rəsmi İnkişafa Yardımın (ODA) azalma tendensiyasının bərpası məqsədilə yeni həyati mənbələr təqdim edir. Onlar həmçinin digər inkişaf etməkdə olan ölkələrin də onların sıralarına qoşulması və donor ölkələrinə çevrilməsini təşviq edən nümunə qismində çıxış edirlər. Azərbaycan donor ölkəsinin maraqlı nümunəsi qismində çıxış edir. Biz, ərazilərimizin 20%-nın 20 ildən artıq Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bərpa edilməsi, şaxələndirilməsi və müasirləşdirilməsinə nail olmuş, beləliklə yoxsulluq səviyyəsini 49%-dən 5%-ə endirmişdir. Ən vacibi isə, həm qaçqınların, həm də məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə, Azərbaycan, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi xidmət edə biləcək insan kapitalını gücləndirməklə, onlara kifayət qədər sığınacaq, sağlamlıq və təhsil xidmətləri, məşğulluqla təmin etməklə geniş təcrübə toplamışdır. Donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik olan və həmçinin geniş miqyaslı regional layihələrin təşəbbüskarı olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək. Biz, həmçinin üçtərəfli əməkdaşlığı Cənubi və digər tərəfdaşlar arasında əlavə texniki və maliyyə resurslarının, təcrübə mübadiləsinin və çevik tənzimləmələrin dəstəklənməsi və mobilizasiyası vasitəsilə əlavə dəyər gətirən və Cənub-Cənub əməkdaşlığını dəstəkləyən və yaxından əlaqələndirən bir çərçivə kimi tanıyırıq. Azərbaycan Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verir. Biz inanırıq ki, Qoşulmama Hərəkatı bu cür əməkdaşlığın yollarını və mexanizmlərini müzakirə etmək və müəyyən etmək üçün ən münasib məkanlardan biridir. 2019-cu ilin oktyabr ayından etibarən başlayan Hərəkatın sədrliyi dövründə Azərbaycan bu istiqamətdə yeni imkanların müəyyən edilməsi üçün davamlı səylər göstərəcəkdir. Azərbaycan hesab edir ki, bu cür imkanlardan biri inkişaf etməkdə olan ölkələrin gəncləri üçün həyatı boyu təhsil imkanlarının təşviqi və onların inklüziv və bərabərhüquqlu keyfiyyətli təhsil ilə təmin edilməsidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə, ötən il ölkəmiz 2018-2022-ci illər üçün tam təqaüd proqramlarını qəbul edərək, illik əsasda Azərbaycanın ali müəssisələrində Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən 40 tələbəyə ali təhsil almaq imkanı yaratmışdır. Beş illik proqramın insan kapitalının gücləndirilməsinə və İKT və Qoşulmama Hərəkatının ölkələrində dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfə verəcəyi gözlənilir. Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan 2030 Gündəliyinin həyata keçirilməsi və ictimai xidmətlərin səmərəli təşviqində yeni texnologiyaların istifadəsinə yüksək əhəmiyyət verir. 2018-ci ildə BMT İnsan hüquqları Şurası Azərbaycanın təşəbbüsü ilə "Şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin çatdırılması vasitəsilə İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnaməni yekdilliklə qəbul etmişdir. Bu qətnamə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün insan hüquqları standartlarını qarşılamaq üçün əsas sahələrindən biri kimi ictimai xidmətlərinin mühüm əhəmiyyətini işıqlandırmışdır. Bu həmçinin uğurlu ictimai xidmətlərin göstərilməsinə görə 2015-ci ildə BMT-nin mükafatı ilə təltif edilmiş Azərbaycanın xidmət göstərmə brendi olan ASAN xidmət konsepsiyasını təşviq edir və bu xüsusda, Cənub-Cənub əməkdaşlığının ölkələri arasında sahələrdən biri kimi istifadə edilə bilər. Ümumilikdə, Azərbaycanın beynəlxalq əməkdaşlığa dair etdiyi təkliflər barədə ətraflı məlumat Cənub-Cənub Əməkdaşlığı 2019-cu il Sərgisində nümayiş olunacaq Azərbaycan guşəsindən əldə oluna bilər və bütün hörmətli iştirakçılar buraya dəvət olunurlar. Yekunda, xatırlatmaq istərdim ki, inkişaf etməkdə olan ölkələr və BMT sistemi tərəfindən dəstəklənən Cənub ölkələri arasında güclü tərəfdaşlıq, inkişaf etməkdə olan ölkələrin iqtisadi potensialını açmağa yardımçı olacaq və bütün beynəlxalq ictimaiyyət bundan faydalanacaq. Bu Konfrans, əlbəttə, Cənub-Cənub əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcək. Diqqətinizə görə təşəkkür edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...