Baş nazirin müavini bayram tədbirində iştirak edib TƏDBİR-VİDEO-FOTOLAR-YENİLƏNİB

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib. SİA-nın verdiyi məlumata görə,bayram şənliyində çıxış edən Baş nazirinin müavini Əli Əhmədov, eləcə də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Novruz bayramı münasibətilə müəssisənin sakinlərini təbrik edib, onlara xoş arzularını bildiriblər.

Baş nazirin müavini Əli Əhmədov Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bu siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Əli Əhmədov bildirib ki, bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir. 2019-cu ilin ötən dövründə dövlət başçısının imzaladığı fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur.

Əli Əhmədov yaşlı nəslə, ahıllara həmişə diqqət və qayğı göstərilməsi işlərində YAP-ın da fəal iştirak etdiyini, partiyanın nümayəndələrinin tez-tez bu müəssisədə görüşlər keçirdiyini və burada yaşayanlara öz dəstəyini göstərdiyini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən ahıllara həmişə diqqət və qayğı göstərir: "Bu xidmət müəssisəsinin sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın".

Nazir Sahil Babayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən bu müəssisədə yaşayan ahıl insanlara daim diqqət və qayğı ilə yanaşılıb və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bütün həssas qruplar kimi, tənha ahıl vətəndaşların da rifah halının yaxşılaşdırılması tədbirlərinin ildən-ilə güclənməsinə səbəb olub. Son illərdə dövlət başçısının tapşırığı ilə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılmaqla, burada yeni ikinci korpus tikilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva həmin korpusun açılışında iştirak edərək, buradakı yaşlı, ahıl insanlarla görüşüb, onlarla həmsöhbət olublar. Bu da ahıl insanlara yüksək qayğının, hörmət və ehtramın bir nümunəsidir.

Sahil Babayev Prezident İlham Əliyev tərəfindən cari ildə imzalanan fərman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən bu mühüm sosial müdafiə tədbirləri vətəndaşlarımızın Novruz bayramını daha nikbin duyğularla qarşılamasına, bayram əhval-ruhiyyəsinin xeyli artmasına səbəb olub. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının apardığı siyasət Azərbaycan vətəndaşının, o cümlədən yaşlı, ahıl insanların layiqli yaşayış səviyyəsinin təminatına xidmət edir.

230 nəfərin yaşadığı müəssisənin sakinləri ürək sözlərini bildirərək, onlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan yaşlı, ahıl insanlar üçün yaradılan müasir, rahat şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

YAP İcra katibinin müavinləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...