Əli Əhmədov: "Azərbaycan dövləti məcburi köçkünlərə daim diqqət göstərir"

"Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra, onlara istədikləri formada dəstək göstərildi. Onlara müvəqqəti yaşamaq üçün kompensasiya verildi". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, binanın təmiri ilə əlaqədar işlər görülür: “Eyni zamanda binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır. Son aylar bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir. Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə bu bizi üzür. Bizim bir narahatlığımız budur. İkincisi isə qısa zaman ərzində dörd yerdə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı bir yanğın törətmə əməli olub, yoxsa yox. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyirlər ki, hər hansı bir kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan dövləti daim məcburi köçkünlərə diqqət göstərir, onlar üçün yeni mənzillər tikilir və bu iş davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə