"Azərbaycan tərəfi hərbi yolla torpaqları azad etməyə tam hazırdır" AÇIQLAMA-ÖZƏL

“Ermənistan hakimiyyətinin aqoniya vəziyyətində olmasının bir səbəbi də daxili faktorlarla əlaqəlidir. Aprel ayında Paşinyan hakimiyyəti artıq bir ilini qeyd etməli və bununla paralel olaraq öz hesabatını təqdim etməlidir. Lakin bu gün hər hansı bir istiqamətdə müsbət bir irəliləyiş yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-ekspert Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, korrupsiya ilə bağlı müəyyən həbslər aparılıb, orduda problemlər həddən artıq çoxdur, qəbul edilən iqtisadi proqramın işləməsi şübhə altındadır: “Vətəndaşlara az da olsa, işlərini göstərmək üçün yenə də Qarabağ kartını ortaya atıblar”.

A.Nağıyev qeyd edib ki, hazırda əsas məsələ Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünə hazırlıq prosesi ilə bağlıdır: “Təbii ki, vaxt və yeri hələ məlum olmayan görüşdə əsasən Madrid prinsiplərinin müddəaları müzakirə mövzusu ola bilər. Burda da söhbət hərbi əməliyyatlardan getmir. Ermənistan tərəfi qondarma qurumla son görüşün materiallarını da danışıqlarda müzakirəyə çıxarmağa hazırlaşır. Guya ki, Paşinyan Xankəndində olarkən Madrid prinsiplərinə uyğun olaraq danışıqlarda iştirak üçün separatçıların mandatını alıb, sadəcə olaraq bu prinsiplərin praktiki olaraq həyata keçirilməsinin vacibliyi əsas məsələdir. Təbii ki, yenə də erməni tərəfi separatçıları bir subyekt kimi qələmə verməyə çalışır, lakin bu daha çox daxili siyasət üçün nəzərdə tutulan bir gedişdir”.

Azərbaycan tərəfinin hərbi yolla torpaqları azad etməyə tam hazır olduğunu bildirən politoloq digər bir məqama da diqqət çəkməyi vacib sayır: “Bir məsələ tam şəkildə aydındır ki, Azərbaycan erməni tərəfindən bu görüşdə konkret addımlar gözləyir və bu nəticənin əldə edilməsi ilk növbədə erməni tərəfinə daha çox lazımdır. Belə bir vəziyyətdə hərbi yolla torpaqları azad etmək məsələsi aktual görünmür, çünki danışıqlar masası kimi ermənilərə bir şans da vermək mümkündür. Təbii ki, Rusiya tərəfin mövqeyi yenə də təəssüf doğurur. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi, danışıqlara müsbət təsir etmir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan hərtərəfli üstünlük əldə edib və bunu istər ermənilər, istər də onların havadarları, istərsə də regional oyunçular dərk etməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə