"Paşinyanın gedişi Sarkisyan qədər uzun çəkməyəcək" ÖZƏL-RƏY

“Ermənistanda vətəndaş müharibəsi başlasa Dağlıq Qarabağda qarışıqlıq yaratmaqda ən çox Paşinyan maraqlı olacaq ki, əlində bəhanə olsun və guya milli maraqlar naminə camaatı sakitləşdirsin. Amma bir məsələ də var: Aprel döyüşlərindən sonra ermənilərin gözü əməllicə qorxub. Anlayırlar ki, Azərbaycanla bu variantlar keçməz, nəticə acı ola bilər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, aprel döyüşlərində ordumuz erməni separatçılarına elə dağ çəkib ki, çox güman hələ 10 illər boyunca həmin döyüşdəki itkilər, aldıqları yaralar yadlarından çıxmayacaq: “Ona görə də sərhəddə nəsə təxribat olsa bu Ermənistan üçün ikiqat təhlükə hesab oluna bilər. Paşinyan da bunu anlayır və hətta imitasiya xətrinə də olsa belə risk etməyəcək. Amma bir fikri bölüşüm: Ermənistanda xaos dərinləşsə Paşinyanın gedişi Sarkisyan qədər uzun çəkməyəcək. Uzağı 4-5 saata işi bitirəcəklər. Çünki qeyri-adi qarışıqlıq yaranacaq və bu dəfə hakimiyyət iddiasını artıq bir deyil, bir neçə qüvvə ortalığa qoyacaq. Yəni, başları tam özlərinə qarışacaq. Ona görə də narahat olmağa dəyməz. Azərbaycanın milli ordusu bütün təxribatların qarşısını almağa qadirdir və hər şey nəzarətdədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə