Əfv sərəncamı Əli Kərimlini nədən qorxuya saldı? ANALİTİK

Əli İnsanovun azadlığa çıxması AXCP sədrini təlaşlandırıb

Ataların bir misalı var, “İki qoçun başı bir qazanda qaynamaz”. Bu misalı hazırkı zamanda AXCP sədri Əli Kərimliyə və ölkə rəhbərinin sərəncamı əsasında azadlığa buraxılan müxalifətçilərə aid etmək mümkündür. Artıq, Əli Kərimlinin sosial şəbəkə vasitəsi ilə bu mövzuya aid edilən sərsəm statuslarından da aydın görünür ki, sərəncamın verilməsini həyasızcasına “mitinq zəhmətinin nəticəsi” kimi təqdim etməsi, daha dəqiq desək, dövlət başçısının humanizm prinsipinə söykənən böyüklük addımını öz adına çıxarmaq cəhdləri əslində, onun qorxaqlığının göstəricisidir. Çünki azadlığa çıxanlar arasında ona ciddi baryer olacaq insanlar kifayət qədərdir. Misal üçün, müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlının azadlığa çıxmaları Əli Kərimlinin ovqatını qara edib. Çünki müavinləri həbsə olarkən, yəni F.Qəhrəmanlı və G.Bayramlı məhz Ə.Kərimlinin günahları üzündən həbsə düşərkən, Ə.Kərimli sadəcə, bir neçə bəyanat verib kənara çəkilməklə öz işini bitmiş hesab elədi. Bu, onda köhnə şakərdir. Çünki daha əvvəllər də həbsə düşənlər sonradan AXCP sədri tərəfindən çıxdaş edilərək, bir kənara atılmışdılar.

Artıq bir çoxları Ə.Kərimlinin çirkin niyyətlərinin, xəyanət və satqınçılıqlarının qurbanları olduğunu yaxşı anlamağa başlayıblar

Yeri gəlmişkən, bugünlərdə Prezident İlham Əliyevin əfv fərmanından yararlananlardan biri də NİDA hərəkatının fəalı Qiyas İbrahimovdur. SİA xəbər verir ki, Q.İbrahimov azadlığa qovuşan kimi onun həbsə düşməsində günahları olan radikal müxalifət liderlərini sərt şəkildə ittiham edib. "Bütün müxalifət liderləri diktatordurlar", deyən NİDA-çı fəal qeyd edib ki, bu əfv fərmanı ölkə rəhbərliyi tərəfindən başladılan siyasi islahatların başlanğıcıdır.

"Özümü heç vaxt liderlikdə görməmişəm və buna iddiam da yoxdur" deyə bildirən Q.İbrahimov müxalifət liderlərindən nə isə gözləməyin doğru olmadığını da bildirib.

Bu, həm də o deməkdir ki, artıq bir çoxları Ə.Kərimlinin çirkin niyyətlərinin, xəyanət və satqınçılıqlarının qurbanları olduğunu yaxşı anlamağa başlayıblar.

Əli İnsanov həm Əli Kərimliyə, həm də dəstəkçilərinə meydan oxuyacaq

Bu arada, AXCP sədrini qorxuya salan amillərdən biri də sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasıdır. Belə ki, Ə.İnsanov öz müsahibəsində deyib: "Görək mən onlara qoşulacam ya onlar mənə". Bu sözdən belə anlaşılır ki, həqiqətəndə Əlilərin başı bir qazanda qaynamaz. Artıq kifayət qədər nəticə çıxarmaq olar ki, radikal müxalifətin daxilində kəskin çaxnaşmalar başlayacaq. Yəni görünən budur ki, Ə.Kərimlinin rəqibləri get-gedə artır. Qarşıdurmalar, ziddiyyətlər, liderlik savaşları artacaq və bu da dağıdıcı düşərgənin tamamilə məhvinə səbəb olacaq. Çünki Ə.İnsanovun ifadələri bilavasitə özünü “lider” hesab edən Ə.Kərimliyə yönəlib və AXCP sədri təlaş keçirməyə başlayıb. O, yaxşı bilir ki, azadlığa çıxan adaşı heç vaxt “Milli Şura”ya üzv olmayacaq və onun rəhbərliyi altında fəaliyyət göstərməyəcək. Həmçinin, alternativ birliyin də yaradılması mümkündür ki, Ə.İnsanov həmin birliyin başına keçib, həm Ə.Kərimliyə, həm də ona dəstək verənlərə meydan oxuyacaq. Nəticədə olanlar-olacaq və radikal düşərgəyə necə deyərlər, bomba düşəcək. Hər halda, hadisələrin məhz bu istiqamətdə cərəyan edəcəyini bəri başdan proqnozlaşdırmaq mümkündür.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə