“Əfv olunanlar ikiqat bayram ovqatı yaşayacaqlar” AQİYƏ NAXÇIVANLI

“Cənab Prezidentin əfv sərəncamı ilk növbədə Onun illərə söykənən humanizm siyasətinin bariz sübutudur. Bu, həm də İlham Əliyev cənablarının insan amilinə verdiyi önəmidir ki, yüzlərlə məhbus ailələri, xüsusilə qadınlar azadlıq sevincini yaşayırlar”. Bu fikirləri SİA-ya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Prezident İlham Əliyevin verdiyi əfv sərəncamı ilə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkilinin sözlərinə görə, analara, bacılara, bütövlükdə isə ailələrə sonsuz bayram sevinci hisslərini yaşadan, bəxş edən dövlətimizin başçısı eyni zamanda sübut etdi ki, O, daim insan amilini siyasətinin prioritet istiqaməti olaraq qiymətləndirir: “Əbəs deyil ki, möhtərəm İlham Əliyev cənabları hər il bu sevinci məhbus ailələrinə yaşadır və artıq əfv sərəncamlarının verilməsi ənənə şəklini alıb. Qeyd etmək istərdim ki, əfv olunanlar sırasında qadınların da olması da bizləri çox sevindirir. Ümumiyyətlə, əfv olunan hər kəs bayramlarını öz doğma yurd-yuvalarında, isti ocaqlarında, ailələri və sevdikləri ilə birlikdə keçirəcəklər. Bir insan üçün, bir ana və bacı üçün bundan böyük sevinc hissi ola bilərmi? Baxın, azadlığa çıxan atalar öz övladları ilə, övladları valideynləri ilə, əzizləri ilə Novruz süfrəsində əyləşib, ikiqat bayram ovqatlarını yaşayacaqlar. Məhz bu reallıq əlbəttə ki, bizləri həm də bir vətəndaş olaraq hədsiz sevinc hissləri bəxş edir”.

Aqiyə Naxçıvanlı əlavə edib ki, Prezident İlham Əliyevin sözügedən sərəncamı həm də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun məntiqi davamıdır: “Məhz Ulu Öndər Heydər Əliyev də hakimiyyəti dövründə humanizm prinsiplərini daim öndə tutub, çoxsaylı əfv sərəncamları verərək, minlərlə insanları sevindirib, onları normal ictimai-sosial həyata doğru yönəldib, ailələrinə sevinc hissləri ərməğan edib. Belə ki, ümummilli lider Heydər Əliyevin əfv və amnistiya təsisatlarını bərpa etdiyi 1995-ci ildən sonra isə 65 fərman və sərəncamla bütövlükdə 8 minə yaxın şəxs əfv edilmişdi. Bütövlükdə isə, 1995-ci ildən başlayaraq 117.000-ə yaxın şəxsi əhatə etmiş 11 amnistiya aktı qəbul edilib və bu şəxslərdən təxminən 30.000-i azadlığa buraxılıb. Əlbəttə ki, ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş və humanizm prinsiplərinə söykənən siyasətin məntiqi davamı bu gün də öz ardıcıllığını qoruyub-saxlayır”.

“Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə, 2003-cü ildən başlayaraq əfv haqqında 33 fərman və sərəncam imzalanıb, onlar əsasında 5 minə yaxın məhkum şəxs əfv olunub, o cümlədən 4.500-dən çox şəxs azadlığa buraxılıb. Təkcə 2018-ci il 24 may tarixli sərəncamla 634 şəxs əfv olunmuşdu ki, onların da sıralarında qadınlar kifayət qədər olub”, deyə xatırladan Aqiyə Naxçıvanlı onu da bildirib ki, sonuncu 4 amnistiya aktı (2007, 2009, 2013, 2016-red.) Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilmişdi: “2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə edib, 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən azadlığa buraxılmışdı. Bu baxımdan, qeyd edilən faktlar ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mərhəmət və insanpərvərlik vəhdətinin əyani nümunələridir. İnanıram ki, belə sərəncamlar qarşıdakı zamanlarda da davam edəcək, məhbus ailələri Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin humanizm siyasətindən bəhrələnməkdə davam edəcəklər”.

Milli Məclisin komitə sədri xatırladıb ki, bir zamanlar o, Prezident İlham Əliyevin yürütdüyü siyasəti Avropa təfəkkürünə mütərəqqi bir nümunə olduğunu demişdi, lakin indi bu siyasət dünya təfəkkürünə böyük nümunədir: “Xatirimdədir, bir müddət öncə, Rusiyanın “İzvestiya” qəzetində cənab İlham Əliyevlə bağlı yazım getmişdi, həmin vaxt yazıda Prezidentimizi Avropa təfəkkürlü lider adlandırmışdım, artıq bu gün O, dünya təfəkkürünün mütərəqqi lideri olaraq dəyərləndirilir. Həmçinin, əbəs deyil ki, bu böyük təfəkkür faktoru həm də dünyadakı yeni və müasir siyasi arealı əhatə edən brend kimi qiymətləndirilməkdədir. Ona görə də, biz fəxr edirik ki, bütün dünyaya yeni və əlbəttə ki, nümunə olacaq sosial siyasət modelini təqdim edən dövlət başçısı məhz bizim Prezidentimiz cənab İlham Əliyevdir.

Fürsətdən istifadə edərək, dövlətimizin başçısı cənab İlham Əliyevə atdığı bu böyük addımına görə dərin minnətdarlıq hisslərimi bildirir, eləcə də, azadlığa qovuşmuş ailə başçılarına, övladlara, ata və analara gözünüz aydın olsun, bayramınız mübarək deyirəm. Qoy bundan sonrakı həyatınız bayram ovqatlı və ailə birliyi şəraitində davam etsin”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə