"Prezidentin Forumda çıxışı böyük maraqla qarşılandı" ÖZƏL-ŞƏRH

“VII Qlobal Bakı Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir”. Bunu SİA-ya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Forumun mövzusu (Dünyanın yeni xarici siyasəti) çox uğurla seçilib və bir daha tədbirin nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir: “Bəllidir ki, bu gün dünyanın dəyişən şərtləri, iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə baş verən qlobal hadisələr fonunda xarici siyasət məsələlərinin də yenidən gözdən keçirilməsi, milli dövlətlərin öz təhlükəsizliyi və müstəqilliyinin qorunmasına yönəlmiş müstəqil xarici siyasət strategiyasına malik olması olduqca əhəmiyyətli məsələdir və bu mövzu üzrə müzakirələrin təşkili də çox böyük əhəmiyyətə malikdir. Tam qətiyyətlə deyə bilərik ki, VII Qlobal Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrilib. Xüsusilə, vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin Forumdakı iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar Prezidentin çıxışını yüksək qiymətləndirdilər”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışı çox maraqla qarşılandı: “Cənab Prezidentin çıxışında müasir dövrdə dünyada və regionda baş verən proseslər çox dəqiq və əhatəli şəkil təhlil olundu, dövlətimizin başçısının mülahizələri, geniş dünyagörüşünə söykənən ardıcıl tezisləri, hadisələrə və qlobal problemlərə özünəməxsus yanaşması, ölkəmizin xarici siyasət məsələləri dolğun şəkildə əksini tapdı. Forumda iştirak edən qonaqlar cənab Prezidentin çıxışını, Onun problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndirdilər. Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir, ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri ardıcıl şəkildə güclənir. Bu nailiyyətlər dövlətimizin başçısının çıxışında da təhlil olundu, ölkəmizin keçdiyi inkişaf yoluna nəzər yetirildi.

Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın xarici siyasət priritetlərini və ölkəmizin beynəlxalq miqyasda baş verən hadisələrə münasibətini çox açıq və əsaslandırılmış şəkildə diqqətə çatdırdı. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan öz xarici siyasətini, xarici siyasət təşəbbüslərini dəyişən dünyaya uyğunlaşdırır. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu kifayət qədər praqmatik, eyni zamanda, ədalətli və beynəlxalq hüquqa söykənən, həmçinin xalqımızın mənafeyinin əsas götürüldüyü bir yanaşmadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə