"Fransaya səfər diplomatiya tariximizə yeni səhifə kimi yazıldı" RƏY - ÖZƏL

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın martın 11-12-də Fransa Respublikasına səfəri proqramının zənginliyi, görüş və danışıqların yüksək səviyyəsi ilə yadda qaldı. Azərbaycan-Fransa əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malik olan bu səfər diplomatiya tariximizə yeni səhifə kimi yazıldı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Dilarə Cəbrayılova deyib.

Deputat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya səfərini iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirib: “Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı, Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallığını artırması və Fransa ilə əlaqələrin inkişafının Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsində rolu kimi biri-birindən əhəmiyyətli məsələlər Mehriban xanım Əliyevanın səfər çərçivəsində keçirdiyi görüşlərdə də əsas müzakirə mövzusu olub. Belə ki, Mehriban xanım Əliyevanın Fransanın birinci xanımı Brijit Makron, Fransa Senatının sədri Jerar Larşe, Fransanın sabiq prezidenti Nikola Sarkozi, Fransa Milli Assambleyasının sədri Rişar Ferran, Fransanın mədəniyyət naziri Frank Riyester, iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşlərinin hər biri özlüyündə Azərbaycan-Fransa münasibətlərinin bu və ya digər sahələrin inkişafına böyük töhfələr verir”.

Dilarə Cəbrayılova qeyd edib ki, Mehriban xanım Əliyevanın Fransa səfərinə göstərilən diqqət Azərbaycanın Birinci vitse-prezidentinin simasında ölkəmizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir: “Səfər çərçivəsində bütün dünya Mehriban xanımın Parisdə yüksək hörmət-izzətlə qarşılandığının, ona göstərilən ali diqqətin şahidi oldu. Bu mənzərə Fransa siyasi elitasının Mehriban Əliyevanı nüfuzlu lider kimi qəbul etdiyini göstərir. Həm də onu göstərir ki, Mehriban Əliyeva Qərb ölkələrinin nəzərində müsəlman-Şərq aləminin müasir dünya ilə ayaqlaşan, eləcə də Qərb dəyərlərini dərindən anlayan mütərəqqi ictimai-siyasi xadimdir. Səfərin digər mühüm aspektlərindən biri, qeyd etdiyimiz kimi, siyasi-iqtisadi, humanitar mövzularda yüksək səviyyəli müzakirələrin aparılması olub. Birinci vitse-prezidentin aparıcı şirkətlərin rəhbərləri ilə görüşləri və danışıqları Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsində Mehriban xanım Əliyevaya yüksək inam və etimadın, eləcə də onun şəxsi nüfuzunun göstəricisi kimi diqqəti cəlb edir. Bundan əlavə, Fransada keçirilən bütün görüşlərdə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi də xüsusi diqqət yetirilən mövzulardan idi. Birinci vitse-prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini fransız hakimiyyətinin yüksək dairələrinə bir daha çatdırmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətinin xatırladılması üçün səfərin yaratdığı bütün imkanlardan istifadə etdi”.

Deputat hesab edir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya səfərini əlamətdar hadisə kimi səciyyələndirmək olar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə