Tarixi abidələrimizin yenidənqurma və abadlaşdırma işləri davam etdirilir

Dövlət başçısının Sərəncamı ilə V-VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işləri görüləcək


Dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" Xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb.


Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamı oldu. Dövlət Proqramına əsasən, milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib.
Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-si tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Nardaran Tarix-Mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qoruqların bir qismindən turizm məqsədləri üçün istifadə edilir.
Son illərdə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə ölkə ərazində yerləşən bir çox abidələrin qorunması təmin edilib, əraziləri abadlaşdırılıb və yeni turizm marşrutları müəyyən olunub. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. Görülən işlərin davamı olaraq, dövlət başçısı 2018-ci il 3 oktyabr tarixində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncam imzalamışdır. Bu günlərdə isə Cənab Prezidentin Sərəncamı ilə daha bir abidənin Şabran rayonunun ərazisində yerləşən, V-VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işləri görüləcək. Bu məqsədlə, dövlət büdcəsindən 2,0 (iki) milyon manat Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.
Şabranın rəmzi hesab olunan "Çıraqqala" Azərbaycanın ən qədim tarixi mədəniyyət abidələrindən biridir. Qala rayonun 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutub. "Çıraqqala"nın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında "Çıraqqaya" adlanır. Görünür, hələ qala-sədd tikilməmişdən öncə, adamlar düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər verirlərmiş. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış. "Çıraqqala" ərazinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilmiş müdafiə xarakterli qaladır. Gilgilçay səddinin baş qarovulxanası olub. Qalanın V-VI əsrlərdə Sasanilər dövründə tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Adından göründüyü kimi, qala müdafiə məqsədi ilə kəşfiyyat xarakterli tikilidir. Qala, əsasən, düşmən ordularının gəlişi və digər məlumatları tonqal vasitəsi ilə Azərbaycanın digər qalalarına və məntəqələrinə çatdırırdı. "Çıraqqala", əsasən, Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edirmiş. Bundan əlavə, qalanın dənizə və digər yerlərə gizli yeraltı yolları mövcuddur. "Çıraqqala" təkcə tarixi, yaşı ilə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə məşhurdur.
Göründüyü kimi, ölkə ərazisində olan qoruqlarda, tarixi ərazilərdə dövlət tərəfindən genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb və bu iş bu gün də davam etdirilməkdədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...