Azər Həsrət: “ATƏT-in Minsk Qrupunun həmsədrləri də Paşinyan kimi özünə hörmət hissini itiriblər”

Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal olunan ərazilərində - Xankəndində keçirtdi. Bununla bir daha işğalçı ölkənin baş naziri Nikol Paşinyan Xocalı qətliamının icraçılarından olan Serj Sarkisyan, Robert Koçaryan və digər vəhşilərin siyasətini davam etdirdiyini göstərir. SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət Paşinyanın addımının onun münaqişənin sülh yolu ilə həllindən imtinası kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, Ermənistan baş naziri Paşinyanın Təhlükəsizlik Şurasının toplantısını işğal altındakı Azərbaycan torpağında – Xankəndində keçirməsi onun özünü təkzibidir: “Çünki bu adam israrla Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi iştirakını təklif edir. Əsaslandırması da budur ki, münaqişənin tərəfi Dağlıq Qarabağdır. Halbuki Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özüdür. Belə bir durumda onun məhz Xankəndinə gəlməsi bir daha sübut edir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan məhz Ermənistandır. İndi onun bu gedişinin münaqişənin həllinin sülh müstəvisindən savaş meydanına keçib-keçməyəcəyinə təsir edəcəyini demək çətin deyil. Azərbaycan münaqişənin sülh yoluyla həllində maraqlıdır. Lakin güc yolunu da istisna etmir. Paşinyanın belə avantüraları davam edərsə, bizim ikinci yola əl atmağımız qaçılmaz olacaq”. “Paşinyanın bu cür addımı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə təhqir kimi qiymətləndirmək olar” sualına cavab olaraq A.Həsrət bildirdi ki, Paşinyanın belə davranışı, əlbəttə, ATƏT-in Minsk Qrupunun mandatına ziddir və sayğısızlıqdır. Paşinyan belə gedişlərlə eyni zamanda özünü də dolaşdırır. Bu isə onun dövlət adamı təcrübəsinin yoxluğundan irəli gəlir. “Məsələyə hələ də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin reaksiya verməməsi nədən irəli gəlir” sualına cavab olaraq, siyasi şərhçi bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də elə Paşinyan kimi özünə hörmət hissini itirib: “Onlar bu qədər müddət ərzində münaqişənin həllində bir qarış belə irəliləyə bilməyiblər. Üstəlik də işğalçıyla işğala məruz qalan arasında bərabər məsafə saxlamaqla ədalətsiz mövqe tuturlar”. “Cəbhədə erməni təxribatları baş verərsə, Azərbaycan 2016-cı il aprel zəfərini təkrarlaya bilərmi” sualına cavab olaraq, A.Həsrət bildirdi ki, Azərbaycan hər an savaşa hazırdır. 2016-cı ilin aprel döyüşləri məhz işğalçı Ermənistanın təxribatları nəticəsində baş vermişdi: “Azərbaycan sadəcə məcbur qalıb onları yerinə oturtmalı olmuşdu. İndi də belə təxribatlar olarsa dövlətimiz öz silahlı qüvvələrini hərəkətə gətirməkdən çəkinən deyil”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə