TASS Agentliyi Mehriban Əliyevanın Fransaya səfərindən yazıb

Rusiyanın TASS İnformasiya Agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərinin yekunlarına dair geniş informasiya təqdim edib. Xəbər verilir ki, agentliyin Paris bürosunun hazırladığı materialda səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra mühüm sənədlərin imzalandığı qeyd olunur. Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın aparıcı siyasi, elm və mədəniyyət xadimləri, iş adamları ilə görüşlər keçirib.

Yazıda deyilir: “Mehriban Əliyevanın Parisə səfəri xüsusi diqqət mərkəzində olub. Ötən günlər ərzində o, Fransa Senatının sədri Jerar Larşe və Milli Assambleyasının sədri Rişar Ferran ilə danışıqlar aparıb. Birinci vitse-prezident, həmçinin mədəniyyət naziri Frank Riesterin müşayiəti ilə Orsey muzeyində olub”.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransanın birinci xanımı Brijit Makron ilə görüşünü işıqlandıran agentlik yazır ki, tərəflər Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Agentlik diqqətə çatdırır ki, Fransada Azərbaycanın böyük iqtisadi potensiala malik olduğu qeyd edilir. Azərbaycan bazarında 59 Fransa şirkəti fəaliyyət göstərir. İki ölkə arasında elm və mədəniyyət sahələrində də əlaqələr uğurla inkişaf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə