"Davamlı inkişaf üçün çağırışlar" PANEL

VII Qlobal Bakı Forumu davam edir. SİA-nın xəbərinə görə, "Davamlı inkişaf üçün çağırışlar" mövzusunda keçirilən paneldə moderatoru Kolumbiya Universitetinin professoru Cefri Saks olub. O bildirib ki, dünya iqtisadiyyatı hazırda dayanıqlı inkişafı təmin etmir: "Biz ətraf mühitə böyük mənfi təsir göstəririk. Ətraf mühitdən nəzarətsiz qaydada istifadə olunur, bu da biomüxtəlifliyə mənfi təsir göstərir. Okeanlarda suyun səviyyəsi artır, hava çirklənir, bu da qidaların keyfiyyətinə təsir göstərir. Bu baxımdan dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidir. 20-ci əsrdə dayanıqlı inkişaf diqqət mərkəzində olsa da, bu sahədə ciddi nailiyyət əldə olunmayıb. Bu baxımdan Skandinaviya ölkələr istisnadır. Ona görə də 2020-2030-cu illərdə dayanıqlı inkişafla bağlı 17 istiqamət müəyyən edilib. Mən praktiki müstəvidə dayanıqlı inkişafla əlaqədar nəticələri görmürəm".

Yeni Zelandiyanın sabiq baş naziri Helen Klark deyib ki, siyasi iradə, idarəetmə qabiliyyəti, resursların səfərbər edilməsi dayanıqlı inkişafı təmin edə bilər: "Sülh olmadan dayanıqlı inkişaf mümkün deyil. Eyni zamanda sağlamlıq məsələlərinə xüsusi diqqət yetirilməlidir. Dünya ölkələr iqlim dəyişikliyi problemi də diqqət mərkəzində saxlamalı, karbohidrogenlərdən yanacaq kimi istifadə səviyyəsi azaldılmalıdır. Beynəlxalq səviyyədə əməkdaşlıq da bu sahədə vacibdir". Paneldə çıxış edən Kanadanın sabiq xarici işlər naziri Stefan Dion yaxın vaxtlarda Kanadada parlament seçkilərinin keçiriləcəyini nəzərə çatdırıb: "Bir çox kanadlı düşünür ki, karbohidrogendən yanacaq kimi istifadənin azaldılmasının səfərli olmadığını düşünür. Çünki çoxları ayında sonunda əldə edəcəyi gəlirlə maraqlanır. Bu baxımdan siyasilərin aparacağı maarifləndirmə işi böyük rol oynamalıdır". Yaxın gələcəkdə içməli su ilə əlaqədar ciddi problemlərin yaranacağını söyləyən Stefan Dion bir müddət sonra okeanlara atılan plastik tullantıların çəkisinin balıqlardan çox olacağını vurğulayıb: "İqlim dəyişikliyindən gələcək nəsillərin taleyi asılı olacaq. Temperaturun 2-3 dərəcə artmasından çox şey asılı olacaq. Ona görə də atmosferə tullantıların azaldılmasına çalışmalı, neft, qaz və kömürü yandırmaqdan vaz keçməliyik. Hazırda enerji təminatının 70-80 faizi neft, qaz və kömürdən əldə olunur. Bu yanacaq növlərinin azaldılmasında siyasətçilərin üzərinə böyük vəzifə düşür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...