Səbaildə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılmış həyətin açılışı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəldilən "Bizim həyət" layihəsi çərçivəsində Səbail rayonu, Badamdar qəsəbəsində abadlaşdırılan həyət, sakinlərin istifadəsinə verilib.
Yenilənən həyət Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi 109,109a,110,111,113,115,117,119 saylı binaların və Badamdar yolu, 95,97,99,101,105,107 saylı binaların həyətində, ümumilikdə, 1000 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.
Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə idman qurğuları və meydançalar, uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıbdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılan binaların fasadları və giriş hissələri də tam təmir olunaraq, onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq, 100 ədəd ağac əkilib və 1000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə