"Azərbaycan-Gürcüstan əlaqələri həmişə inkişafdadır" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə Azərbaycan-Gürcüstan əlaqələri həmişə inkişafdadır. Biz hər zaman qardaş ölkə, millətlər, eləcə də doğma qonşular olmuşuq. Gürcüstanda xeyli sayda azərbaycanlılar yaşayır. Onlar hər zaman vətəndaşlarımıza xoş münasibət göstəriblər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

“Ümid edirik ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin hakimiyyəti dövründə Azərbaycan vətəndaşlarına diqqət daha çox olacaq. Əgər əvvəlki hakimiyyətin dövründə onların yaşadığı bölgələrin adlarının dəyişdirilməsi ilə bağlı xoşagəlməz hallar baş vermişdisə, indi bu insanlara, vətəndaşlara hörmət əlaməti olaraq onların öyrəşdiyi bölgələrin adlarının saxlanılması, mədəniyyətlərinin qorumasına hörmətlə yanaşılması davam olunacaq. Azərbaycan Gürcüstana həmişə dəstək və dayaq olub. Vaxtilə Gürcüstanın keçmiş prezidenti Eduard Şivardnadze ilə Ümummilli Lider Heydər Əliyevin çox gözəl dostluq münasibətləri var idi. Artıq bu münasibətlər tarixin yeni mərhələsindədir. Odur ki, böyük iqtisadi layihələrə Azərbaycan məhz Gürcüstanı daxil edib. Bununla da ölkəmiz Gürcüstana böyük dəstək göstərir”-deyə, deputat fikrini tamamlayıb.

Qeyd edək ki, bu gün Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə