Türkiyə səfirliyində Xocalı faciəsinin anım mərasimi keçirilib TƏDBİR-YENİLƏNİB-FOTOLAR

Bu gün Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən təşkil edilən tədbirdə səfir Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyəti Bakı təmsilçisi Ufuk Turganer, azərbaycanlı deputatlar, akademiklər, iş adamları, türk qurumlarının təmsilçiləri dəvət edilib.

Bir dəqiqəlik sükutla şəhidlərin anılması ilə başlayan tədbirdə danışan səfir Erkan Özoral deyib ki, Xocalı Qətliamının yaşandığı 26 fevral əsla unudulmamalıdır: “Tarixdəki yaxşı günlər kimi pis günlərə də sahiblənələrək bunların bir daha təkrarlanmaması üçün nələr edilməsinə diqqət etmək lazımdı. Türkiyə və Azərbaycan acısını da, kədərini də birlilkdə paylaşaraq lazımi dərsləri birlikdə çıxarmalıdır”.

Səfir diqqətə çatdırıb ki, Xocalı faciəsi insanlığa qarşı bir günahdır, tarixdə qara bir ləkədir: “Bu ləkə onu həyata keçirənlərin üzündə qalacaq. Vaxtilə Xocalıda yaşayanlar həyatda olduqları müddətcə başlarına gətirilən faciələri bütün dünyaya çatdırmalıdırlar. Biz hər zaman qardaş Azərbaycanın dərdini bölüşürük. Ancaq, xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlər bütün dünyaya çatdırılmalıdır”.

Mərasim digər çıxışçıların fikirləri ilə başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə