Müdafiə nazirləri Suriya böhranını müzakirə ediblər

Pentaqonda ABŞ müdafiə katibi əvəzi Patrik Şanahanla Türkiyənin müdafiə naziri Hülusi Akar arasında görüş keçirilib. SİA “Anadolu”ya istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin baş qərargah rəisləri Cosef Danford ilə Yaşar Gülər iştirak ediblər. Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, habelə Suriyada İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlar, silah və hərbi texnika tədarükü ilə bağlı məsələləri müzakirə ediblər. Türkiyə tərəfi ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolu YPG/PYD-yə verilən dəstəklə bağlı narahatlığını, bölgədə hər cür terror təşkilatları ilə mübarizə aparmaq əzmində olduğunu bildirib.

Tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələrin köklü tarixə malik olduğu vurğulanaraq Əfqanıstan, Kosova, İraq, həmçinin dənizlərdəki əməliyyatlar da daxil olmaqla, NATO çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Eyni zamanda Türkiyənin Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemləri almaq niyyəti ilə bağlı məsələlərə də toxunulub və Ağ Ev bu məsələ ilə əlaqədar öz narahatlığını ifadə edib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 100 ədəd “F-35” tipli qırıcı təyyarə almaq üçün Konqresin təsdiqini gözləyir. Artıq 30 ədəd təyyarənin satışına razılıq verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə