REAL partiyasında çaşqınlıq KOALİSİYA?

İlqar Məmmədovun AMİP-ə sədr keçmək ehtimalı yaranıb

Artıq bir neçə gündür ki, REAL partiyasının sədri İlqar Məmmədovun AMİP-ə sədr postuna keçəcəyi ilə bağlı informasiyalar yayılmaqdadır. Belə ki, buna səbəb olaraq, onun siyasi müxalifətə məhz AMİP sıralarından qatılması və s. məsələlər göstərilir. Lakin maraqlı məqamlardan biri də, REAL-ın hərəkatdan partiyaya çevrilməsinin ardınca, bu siyasi təşkilatda daxili narazılıqlar artmağa başlayıb. Daha doğrusu, İ.Məmmədov hələ həbsə olarkən, onun yerinə iddialı olanlar var idi. Misal üçün, bu məsələdə Erkin Qədirli, Azər Qasımlı və Natiq Cəfərli arasındakı qalmaqalları xatırlamaq mümkündür. Yalnız İ.Məmmədov həbsdən azadlığa çıxandan sonra, iddialılar geri çəkildilər.

Susmaq razılıq əlaməti hesab edildiyinə görə, od olmasa, tüstü çıxmaz misalı da istər-istəməz yada düşür

Hazırda isə, İ.Məmmədovun perspektivi görünməyən REAL-dan getməsi məsələsi gündəmə çıxıb və bunun yerinə, uzun illərdir fəaliyyət göstərən AMİP-ə geri dönməsi ehtimalı barədə danışılır. Yəni, İ.Məmmədovun özü bu barədə heç nə deməyib, AMİP-ə sədr getməsi məsələsi ilə bağlı iddiaları nə inkar, nə də təsdiq edib. Susmaq isə razılıq əlaməti hesab edildiyinə görə, od olmasa, tüstü çıxmaz misalı da istər-istəməz yada düşür.

Yeri gəlmişkən, AMİP artıq uzun müddətdir ki, sədrsizdir. Partiyanın sonuncu sədri Yusif Bağırzadə hələ 2015-ci ildə rəhbər postunu tərk edib. Ancaq buna baxmayaraq, partiya uzun illərdir ki, nə qurultay keçirir, nə də yeni sədrin təyinatı ilə bağlı hər hansı müvafiq addımlar atır.

AMİP-REAL koalisiyası yaradılır?

Başqa tərəfdən, bu yaxınlarda AMİP-in siysi şurasının üzvü Əli Orucov İ.Məmmədovla görüş keçirib və həmin görüşdə ikincinin milli istiqlalçılara sədrlik etməsi mümkünlüyü ətrafında söhbətlər aparılıb. Ancaq buna baxmayaraq, Ə.Orucov, həmin iddianı “jurnalist təxəyyülü” adlandıraraq, üzə çıxan faktı ciddi-cəhdlə gizlətməyə çalışıb. Halbuki, burada hər hansı təəccüb doğuracaq fikir yoxdur.

Daha bir iddia isə, AMİP-lə REAL-ın bir araya gələrək, koalisiya yaratmaları mümkünlüyüdür. Çünki həm AMİP, həm də REAL siyasi proseslərə qatılmaqda kifayət qədər çətinlik çəkir, müxalifətçilik baxımından ortaya yenilik gətirməyi bacarmırlar. Ona görə də, İ.Məmmədovun AMİP-ə sədr olmasa belə, REAL-AMİP koalisiyasına həmsədr getməsi perspektivi gözlənilə bilər. Qalır AMİP-in özünə sədr seçməsinə ki, bu məsələ adıçəkilən siyasi təşkilatda problem olaraq qalmaqdadır. Hər halda, İ.Məmmədovun AMİP yetkililəri ilə görüşü yaxın vaxtlarda əsl gerçəyi üzə çıxaracaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə