Əli Kərimli məğlub olduğunu canlı yayımda etiraf etdi “Hakimiyyət perspektivimiz yoxdur + VİDEOFAKT

AXCP sədri Əli Kərimli hakimiyyət perspektivinin olmadığını, zəif və az olduqlarını etiraf edib. SİA xəbər verir ki, cəbhəçilərin sədri bunu Sevinc Osmanqızının sosial şəbəkə üzərindən yayımladığı canlı yayımda deyib. Belə ki, Kərimli, ona qoşulanları həbs gözlədiyini və partiyadan çıxıb getmələrini deməklə yanaşı, kimsəni zor gücünə AXCP sıralarında saxlamadığını da bildirib. Bu isə belə qənaətə gəlməyə zəmin yaradır ki, “Milli Şura”nın mitinqinə icazənin verilməməsinə göstərilən səbəb təsdiqini tapır. Daha doğrusu, Əli Kərimli və ətrafı mitinqin icazəsiz küçə yürüşünə çevrilməməsi, ictimai-sabitliyin pozulmaması ilə bağlı heç bir məsuliyyət daşımadıqlarını bu yolla sübut edir.

Əli Kərimli: “Təşkilatı tərk edib-gedin”

O da əbəs deyil ki, AXCP sədrini hazırkı zamana qədər onun çirkin siyasəti uğrunda həbsə düşən, gələcəkləri məhv olan insanların taleyi maraqlandırmayıb.

“Sizə açıq etiraf edirəm ki, indi Azərbaycan müxalifəti və Xalq Cəbhəsi üçün hakimiyyət perspektivi görünmür”, deyən Əli Kərimli sözügedən canlı yayımda bildirib: “Mən sizinlə açıq və səmimi danışıram, heç kimdən də incimirəm. Kim istəyirsə, təşkilatı tərk edib-getsin. Mən sizə açıq deyirəm ki, bizim yaxın zamanlarda hakimiyyət perspektivimiz olmayacaq”.

AXCP sədri: “Bizim getdiyimiz yol, bizi qələbəyə doğru aparmayacaq”

Cəbhəçilərin sədri bununla güclü xalq-hakimiyyət birliyi qarşısında aciz duruma düşdüyünü etiraf etməklə yanaşı, düşərgənin getdiyi yolun uğursuz olduğunu bildirib. “Bizim getdiyimiz yol, bizi qələbəyə doğru aparmayacaq. Biz elə həyatımızı müxalifətdə başa vuracağıq”, bildirən Əli Kərimli eyni zamanda, dolayısı ilə daha bir fikri etiraf edib – müxalifətdə qalaraq, xarici təşkilatlardan maksimum yararlanmaq və maddi gəlir əldə etmək. Məhz bu səbəbdən, onun “həyatımızın sonuna qədər müxalifətdə qalacağıq” etirafı bu cür düşünməyə səbəb yaradır: “Sizdən incimirəm, sizin məsuliyyətinizi daşımaq istəmirəm. Sizə elə gəlməsin ki, sizə hansısa vədi verdim, amma onu edə bilmədim. Mən o vədi vermirəm sizə. Burada hakimiyyət perspektivi görünmür. Kim istəyirsə, getsin öz şəxsi həyatını yaşasın”.

Görünən isə budur ki, Ə.Kərimli bütövlükdə yanlış yolda olduğunu açıq-aşkar etiraf edib və sözügedən fikirləri ilə xalq-iqtidar vəhdəti qarşısından geri çəkildiyini etiraf etməyə məcbur olub.

Videoya aşağıdakı linkə tıklayaraq baxa bilərsiniz:

https://www.facebook.com/nicat.hov.35/videos/1071652209710056/

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə