"Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyir" ÖZƏL-ŞƏRH

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistan üçün yeni təhdidlər yaradıb. Söhbət təkcə Ermənistanın qarşısında duran iqtisadi və digər problemlərindən getmir. Ermənistan məhz Dağlıq Qarabağ probleminə görə çox ciddi tarixi şərəfsizliyə sürüklənir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib

Mərkəz sədrinin sözlərinə görə, həm İran, həm də Gürcüstan istiqamətində baş verənlər Ermənistanın uydurma da olsa özləri üçün şərəf bildikləri tarixi ləkələyə bilər: "Bu baxımdan Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyir. Paşinyanı Dağlıq Qarabağ tənzimlənməsinə vadar edən ən əsas səbəblərdən biri Avropa İttifaqının mövqeyidir. Aİ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlanmasını Paşinyandan ən kəskin şəkildə tələb edir. Almaniya və Aİ heç zaman həm ayrı-ayrılıqda, həm də birlikdə Dağlıq Qarabağ tənzimlənməsinə bu qədər böyük maraq göstərməyiblər. Prezident Armen Sərkisyanın Almaniyaya, az sonra A.Sərkisyanın Münhen Təhlükəsizlik Konfransının 55-ci iclasının təşkilat komitəsinin Minskdə keçirilən yığıncağına və bir müddət sonra Paşinyanın Almaniyaya dəvət olunması, prezident Armen Sərkisyanın Münhen Təhlükəsizlik Konfransında iştirak adı ilə Almaniyada olması Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinə marağının artdığının göstəricisidir. Amma təkcə bu deyil. Münhen Təhlükəsizlik Konfransının sədri Volvqanq İşinger konfransın işini yekunlaşdırarkən diqqətçəkən açıqlama verdi: Prezident A.Sərkisyan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar aparmağa razılıq verib. Yüksəkçinli Aİ rəsmilərinin Ermənistanla təmaslarının sayı xeyli artıb. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 5-ə yaxın Almaniya və Aİ rəsmiləri Ermənistanın və Azərbaycanın Xİ nazirləri ilə görüşdülər.

Bu o deməkdir ki, Aİ və Almaniya Paşinyanın mürəkkəbliklərini başa düşürlər və ehtiyat variant kimi A.Sərkisyanı Azərbaycanla danışıqlar aparmağa hazırlayırlar. Bu daha etibarlı ola bilər.

Almaniyanın Aİ-ni vasitəçi etmək təşəbbüsü də aktualdır.

Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinə artan marağı Almaniya kansleri A.Merkelin Cənubi Qafqaz regionuna səfərindən başlanmışdı. Geosiyasətin müəyyənedici olması ən çox ehtimal olunandır. Rusiya qazının Avropaya girməsi uğrunda mübarizə aparan A.Merkel bunun əvəzində Aİ -ni Cənubi Qafqazda yeni formatda möhkəmləndirir. Merkelin Azərbaycanda olarkən verdiyi bəyanata görə bunun yolu Dağlıq Qarabağ tənzimlənməsindən başlayır. Bununla da Merkel RF qazını Aİ-yə buraxdığına balans yaratdığını iddia edə biləcək.

Ermənistanla əlaqəli tarixi rüsvayçılığa yol verməmək, Aİ-dən pul qazanmaq məqsədilə Paşinyan özü Dağlıq Qarabağ tənzimlənməsində aktiv roldadır. Dağlıq Qarabağ tənzimlənməsinin cari mərhələsində Paşinyan üçün 2 məsələ vacibdir:

I. Tənzimlənmənin sürəti. Paşinyan bilir ki, əgər tənzimlənmə prosesi yubanarsa, o halda Rusiya və digər dövlətlər ortalığa əlavə variantlar qoya bilərlər. Bəlkə də Münhen Təhlükəsizlik Konfransında Lavrov Mnatsakanyana məhz ona görə Azərbaycanın Xİ naziri ilə görüşməyə icazə vermədi ki, bir az ondan öncə N.Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və münaqişələr üzrə xüsusi təmsilçisi T.Klaarı qəbul edərkən Dağlıq Qarabağın vətəndaş cəmiyyətinin xətti ilə danışıqlar prosesinə qoşulmasına razılıq verməsi idi. Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının görüşü ildırım sürətli variantla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə gətirib çıxara bilər. Münaqişənin belə ildırım sürətli tənzimlənməsi Rusiyaya sərfəli deyil. Eləcə də Paşinyan başa düşür ki, Köçəryanın və Sərkisyanın dəfələrlə atmaq istədiyi addımları indi o, atmalıdır. Köçəryan 1999-cu ildə ATƏT-in İstanbul sammitində Azərbaycan Respublikasının Prezidenti ilə sülh müqaviləsi imzalamağa hazır idi. Ermənistan parlamentindəki terror hadisəsi bunun qarşısını aldı. Eləcə də S.Sərkisyanın prezidentliyi dövründə də Kazan sənədinə son anda təşkilatçı tərəfindən dəyişiklik edilmişdi. Məhz bu dəyişikliyə görə Prezident İlham Əliyev 10 şərt irəli sürdü. N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsini çox sürətlə aparmalıdır.

II. Tənzimlənmə Ermənistandan deyil, məhz Dağlıq Qarabağın özündən başlamalıdır və tənzimlənmənin məsuliyyətini Dağlıq Qarabağ erməniləri özlərinin üzərilərinə götürməlidir.

Paşinyan Dağlıq Qarabağdakı Azərbaycana doğru olan meyli bilir. Ona görə də N.Paşinyan gələcəkdə iddia edə bilər ki, Ermənistan deyil, məhz Dağlıq Qarabağ erməniləri özləri Azərbaycana tərəf getdilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə