BSU-da Xocalıya həsr olunmuş tamaşanın təqdimatı olacaq

Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin verdiyi əmrə əsasən, Bakı Slavyan Universitetində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub. Fevralın 25-də BSU-da Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək. Tədbir çərçivəsində BSU-nun xareoqrafı Əli Natiqoğlunun hazırladığı «Ana harayı» tamaşasının təqdimatı olacaq.
Tamaşa barədə məlumat verən Ə.Natiqoğlunun sözlərinə görə, əsərin ideyası öldürülmüş körpəsinin cəsədini qolları arasına alan ananın fəryadını dünyaya yamaqdır. «Ana harayı» abidəsini əks etdirən gənc ana obrazı tamaşada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirir. Xocalı qadınlarının timsalı olan gənc qadın erməni cəlladlarından körpəsini qorumaq üçün onu bərk-bərk bağrına basır və boğub öldürdüyünü zənn edir. Səhnənin sonunda qətlə yetirildiyi zənn olunan günahsız körpənin səsinə bütün cəsədlər «Bayatı Şiraz» sədası ilə cavab verir və «Ana harayı» abidəsinin ətrafında birləşir. Bu görkəmdə həm imdad, fəryad var, həm də ittiham əks edilmişdir. Sanki eyni taleni yaşamış Xocalı qadınlarının təmsilçisi olan bu ana bütün dünyanı ittiham edir, onlardan cavab tələb edir. Səhnədə, həmçinin, Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu da canlandırılır. Tamaşada canlandırılan obrazların paltarları Xocalı qurbanlarının minbir əzab-əziyyətlə qarlı-şaxtalı gecədə, meşələrdən və çaylardan keçib gəldiyini əks etdirir. Səhnə əsərində obrazları BSU-nun tələbələri canlandırır.
Tamaşanın sonunda Azərbaycan və Türkiyə qardaşlığının erməni qəsbkarlarına qarşı birgə mübarizəsi nəticəsində əldə olunan qələbə səhnəsi nümayiş olunur və erməni lobbisi məhv edilir.
Qeyd edək ki, «Ana harayı»nın təqdimatı fevralın 25-də BSU-nun akt zalında keçiriləcək.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə