"Cənub Qaz Dəhlizi" - Azərbaycandan dünyaya enerji təminatı

İlham Əliyev: "Enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq

Məlum olduğu kimi, fevralın 20-də Bakıda Heydər Əliyev Mərkəzində «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Tədbirdə «Cənub Qaz Dəhlizi»nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər.
Bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanın Avropada nüfuza sahib olması, həmçinin, Avropa ilə əməkdaşlığının dərinləşməsi hazırda Avropa ilə gərgin münasibətlər şəraitində olan, eləcə də, qitəyə qaz tədarük edən Rusiyanın ürəyincə olmaya bilər. Bu baxımdan, «Cənub Qaz Dəhlizi» layihəsinin Azərbaycanla Rusiya arasında münasibətlərə hansısa təsir etməsi ehtimalı sual doğuran bir məsələdir. Avropa ilə Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlıq hər iki tərəfin marağındadır. Avropa öz qaz tədarükünü artırmaq, Azərbaycan isə, öz təbii resurslarını satmaq istəyir.
Bu gün Azərbaycanın "Şahdəniz" kimi böyük qaz yatağı var və Azərbaycan bu qazı satmaq istəyir. Qaz elə bir şeydir ki, çıxarılırsa, ixrac edilməlidir. Çünki bunu saxlamaq üçün qaz anbarlarını bu qədər yükləmək qeyri-mümkündür. Əgər qaz ixrac edilməsə, bu, sabah problemlər yarada bilər. Eyni zamanda, qazın ixrac edilməsi Azərbaycanın iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, Azərbaycan Rusiyanın qaz ixrac etdiyi ölkələrə qaz tədarük etmir. Burada müəyyən maraqlar da nəzərə alınır. Yəni Azərbaycan öz təbii qazını Avropaya ixrac etməklə, Rusiyaya mane olmur. Azərbaycan Rusiya ilə də qaz tədarükü sahəsində əməkdaşlıq edir. Bu gün Rusiya ilə Azəbaycan arasında Bakı - Novo-Filya qaz kəməri mövcuddur. Hətta Rusiya elektrik enerjisinin Azərbaycan vasitəsilə İrana satılması məsələsi də nəzərdə tutulur. Bu baxımdan, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü də gözlənilir. Rusiya ilə Azərbaycan digər sahələrdə də strateji əməkdaşlıq edirlər. Bu baxımdan, «Cənubi Qaz Dəhlizi»ndə Azərbyacnın əsas oyunçu olması Kremli narazı salmamalıdır.

"Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir"

Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir: "Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, "Şahdəniz" Azərbaycanın əsas qaz yatağıdır. Lakin eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz "Abşeron" yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq".
Dövlətimizin başçısı qeyd edib ki, böyük qaz ehtiyatına malik "Ümid", "Babək" yataqları və digər yataqlar da çox ümidvericidir: "Ona görə də, mən əminəm ki, "Şahdəniz" «Cənub Qaz Dəhlizi» üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq. Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Mən, xüsusilə, nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq".
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, məhz bu inamın nəticəsidir ki, Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır: "Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu "Doing Business" hesabatına əsasən, Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən, 10 ən islahatçı ölkədən biriyik".

"Xarici enerji mənbələrindən asılı olan dövlətlər əmin olmalıdırlar ki, «Cənub Qaz Dəhlizi» marşrutu dayanıqlı və uzunmüddətli olacaq"

Prezident İlham Əliyev çıxışı zamanı rurğulayıb ki, xarici enerji mənbələrindən asılı olan dövlətlər əmin olmalıdırlar ki, «Cənub Qaz Dəhlizi» marşrutu dayanıqlı və uzunmüddətli olacaq: "Cənub Qaz Dəhlizi» enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir".


Dövlət başçısı bildirib ki, Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, "Şahdəniz" Azərbaycanın əsas qaz yatağıdır. Lakin eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz "Abşeron" yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik "Ümid", "Babək" yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də, mən əminəm ki, "Şahdəniz" «Cənub Qaz Dəhlizi» üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq".

"Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir"

Ölkə başçısı qeyd edib ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır: "Mən xüsusilə, nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də, enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də, biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük".

"Qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq"

«Cənub Qaz Dəhlizi»nin çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə olduğunu deyən Prezident İlham Əliyev onu da bildirib ki, bu layihəni reallaşdırmaqla bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır: "Qeyd etdiyim kimi, 4 il bundan əvvəl, bu ərazidə «Cənub Qaz Dəhlizi»nin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq, Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı, onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır".
Beləliklə, bütün bu uğurlar, onu deməyə əsas verir ki, Azərbaycanın enerji siyasəti ona hesablanıb ki, öz maraqları ilə başqa regional və qlobal güc mərkəzlərinin, müxtəlif ixracatçıların, eləcə də, qaz istehlakçılarının maraqlarının balansını tapa bilsin. Rəsmi Bakı buna nail olur, bu yolla öz enerji sektorunu Avropa İttifaqı məkanının enerji sisteminə inteqrasiya edir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə