“Prezidentin fərmanı sosial məsələlərin həlli istiqamətində atılan növbəti addımdır” RƏY

“Dövlət müasir dövrdə insanların rifah halının yüksəldilməsində mühüm rol oynayır. Dünyanın inkişaf etmiş ölkələrində məhz sosial dövlət quruculuğuna ciddi fikir verilir. Azərbaycan bu gün sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Bu kontekstdə isə əhalinin sosial təminatı üzrə proqramların yüksək səmərəliliklə reallaşdığını xüsusilə vurğulamaq lazımdır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı Fərmanla bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələ ondan ibarətdir ki, sosial sferada davamlı və uğurlu proqramları reallaşdırmaq üçün lazımi səviyyədə iqtisadi potensial olmalıdır: “Azərbaycan bu sahədə bütün işləri ancaq daxili imkanları hesabına görür, kənardan yardım almır. Ölkə rəhbərliyi bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Deməli, Azərbaycan həyata keçirdiyi səmərəli müstəqil dövlət quruculuğu və geniş islahatlar proqramlarını böyük uğurla aparılan iqtisadi və enerji siyasətində əldə edilən nailiyyətlər əsasında reallaşdıra bilir. Bu, özlüyündə daxili və xarici siyasət kursunun harmoniyasını tələb edən mürəkkəb prosesdir. Ölkə rəhbərliyi də bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlib, gəlir və bundan sonra da gələcək”.

“Möhtərəm Prezident İlham Əliyevin reallaşdırdığı hər bir proqramın mərkəzində Azərbaycan vətəndaşı, onun həyat səviyyəsinin yüksəldilməsi dayanır”, deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri həmçinin bildirib ki, insan kapitalı ilk sıraya qoyulur: “Dövlət başçısı hər zaman vətəndaşları narahat edən bütün məsələləri diqqət mərkəzində saxlayaraq, ölkə həyatının bu və ya digər sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində çevik və təxirəsalınmaz tədbirlər həyata keçirir. Bunun son nümunələrindən biri Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı Fərmanın verilməsi oldu. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm olan bu fərman on minlərlə ailənin sevincinə səbəb oldu. Dövlət başçısının imzaladığı Fərmanda bir sıra mühüm məqamlar öz əksini tapıb. Fərmanda da qeyd edildiyi kimi, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafeləri və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsipləri əsas götürülərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək başlıca məqsəddir”.

Hikmət Şikarov eyni zamanda bildirib ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir: “Qeyd olunan bütün müddəalar və problemlərin aradan qaldırılması üçün tətbiqi tələb olunan mexanizmlər birbaşa ilk növbədə Azərbaycan vətəndaşının maraqlarının təmin olunmasına, hüquqlarının qorunmasına xidmət edir. Xüsusən də mövcud çatışmazlıqları aradan qaldırmaq üçün 5 ay möhlət verilməsi həmin binalarda məskunlaşmış sakinlərin daha təhlükəsiz, daha rahat mənzillərdə yaşaması, onların maraqlarının hərtərəfli təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə