"Həmsədrlər şəkil çəkdirib ATƏT-dən aldıqları pulları siləcəklər" ÖZƏL-RƏY

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərində məqsəd ölkəmizin hərb planını bir növ ikinci cərgəyə keçirməkdir. Çünki Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmiz öz ərazi bütövlüyünü hansı yolla olur-olsun bərpa edəcək. Bizim məqsədimiz müharibə deyil və müharibə istəmirik. Amma ərazi bütövlüyümüzün bərpasını da istəyirik”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, əgər ATƏT yenə də dişsiz fəaliyyət göstərəcəksə, proseslərə ikili standartlarla yanaşacaqsa, işğalçı ilə işğal olunan ərazini bərabər tutacaqsa və yenə də hər iki tərəfin müəyyən güzəştlər etməyini gündəmə gətirəcəksə bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəmirlər: “Ümumiyyətlə ATƏT-in həmsədrləri xristian klubudur. Bu xristian klubunun da əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünü mövcud sual işarəsi altına qoymaqdır. Bunlar həm də çalışırlar ki, Azərbaycandakı bu qarşıdurma daha da güclənsin. Yəni bütün hallarda yenə də Azərbaycan Prezidenti onları qəbul edəcək və onlar yenə də gəlib gedəcəklər. Sadəcə bir şəkil çəkdirib ATƏT-dən aldıqları pulları siləcəklər. Eləcə də onlar Azərbaycanın öhdəliyi üzvülük haqqından da yararlanacaqlar. Mən onların səfərindən başqa heç bir şey gözləmirəm”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə