"Xocalı soyqırımının tanıdılması ən mühüm istiqamətlərdən biridir" ÖZƏL-ŞƏRH

“Desək ki, Xocalıda insanlığa qarşı törədilmiş vandalizm, görünməmiş vəhşilik bəşər tarixinin ən qanlı cinayətlərindəndir, yanılmarıq. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktı əslində bütün dünyanı düşündürməlidir. Çünki, belə cinayətlərin cəzasız qalması təhlükəli presedent yaradır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, oxşar qətliamlar, vandalizm digər xalqlara qarşı da törədilə bilər: “Hesab edirəm ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəaliyyət göstərən zaman dünya xalqlarının emosional-psixoloji hisslərinə təsir göstərəcək addımlar atmaq vacibdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Xocalı soyqırımının tanıdılması Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ümumilikdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycan ərazisində separatizmin dəstəklənməsi haqqında demək olar ki, bütün nüfuzlu tribunalarda danışılır, bunlara beynəlxalq ictimaiyyətin reaksiyasına nail olunmağa çalışılır.

Bildiyimiz kimi, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq tanıtma kampaniyasına başlanılmışdır. Bu kampaniya lap başlanğıcdan öz səmərəliliyini nümayiş etdirib. Məhz bu kampaniya sayəsində dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayəti soyqırımı kimi tanıyıblar. “Xocalıya ədalət” kampaniyası çərçivəsində kompleks addımlar atılıb və çoxsaylı tədbirlər təşkil olunub. Bütün bunlar reallıqlar haqqında obyektiv təsəvvürlərin formalaşması baxımından çox əhəmiyyətlidir. Göründüyü kimi, Azərbaycan ümumilikdə ermənilərin Xocalıda insanlıq əleyhinə törətmiş olduqları görünməmiş cinayət haqqında beynəlxalq ictimaiyyəti tam və davamlı olaraq məlumatlandırıb. Bununla yanaşı hesab edirəm ki, yeni taktiki gedişlərin seçilməsi də müəyyən səmərə verə bilər. Hər şeydən öncə, Xocalıda törədilmiş soyqırımının özündə bəşəri təhlükə ifadə etdiyini daha emosional tərzdə çatdırmaq lazımdır. Arqumentləşdirmək, yəni tarixi faktlara istinad edərək əsaslandırmaq lazımdır ki, belə cinayətlər cavabsız qaldıqca, beynəlxalq sülh və təhlükəsizlik həmişə ciddi təhdid qarşısında qalacaqdır. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq tanıdılması istiqamətində fəaliyyəti saxta "erməni soyqırımı" iddialarının ifşası ilə parallel həyata keçirmək lazımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə