"Belə aksiyalara diqqət göstərən dairələrin məqsədləri var" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə, müxalifətin keçirmək istədiyi və əslində heç bir mahiyyət, məzmun daşımayan mitinqlər axı bu gün Azərbaycanda kimə lazımdır və yaxud lazımdırmı? Əgər nəzərə alsaq ki, həmin aksiyalarda ölkənin böyük problemləri bir yana qalsın, hətta ən xırda problemlərin belə həlli üçün hər hansı bir mühit, şərait yaranmırsa, eləcə də hansısa problemin həlli üçün yeni bir imkan, şərait artırmırsa, onda doğurdan da bu aksiyaların kimə lazım olması həqiqətən sual doğurur. Əlbəttə ki, belə aksiyaların keçirilməsi üçün diqqət göstərən dairələrin özlərinin məqsədləri var. Onlar Azərbaycan siyasi mühitində hələ də mövcud olduqlarını və ya mövcud olmaq istədiklərini nümayiş etdirirlər". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, onlar Azərbaycanın bugünkü inkişaf məsələlərində öz fəaliyyətlərini davam etdirmək istəyirlər və müəyyən xarici mərkəzlərin dəstəyini almağa çalışırlar: "Eləcə də özlərini guya Azərbaycanın ən demokratik və islahatçı qüvvələri kimi göstərməyə çalışıblar. Aydın məsələdir ki, cəmiyyəti radikallaşdırmaq və radikal bir dalğanın üstündən özlərinin siyasi məqsədlərinə nail olmaq istəyirlər. Amma bu məqsədlərin hər birini ayrı-ayrılıqda təhlil etdikdə, onların hər hansı bir perspektivinin olması qəti şəkildə inkar olunur. Çünki bu məqsədlərin həyata keçirilməsi üçün çox gərəkli olan geniş sosial baza onlarda yoxdur. Beləki ölkədə hakimiyyətin apardığı siyasət nəticəsində rəsmi kursun ətrafında o qədər geniş bir sosial baza var ki, radikal müxalifətin özünə sosial baza toplamaq imkanları qəti şəkildə tükənib.

İkincisi, bu gün dünyanın əgər taleyi enerji təhlükəsizliyi, şəxsi təhlükəsizliklə və millətlərarası münasibətlərdə tolerant mühitlə bağlıdırsa belə məqsədlərin, işlərin həyata keçirilməsində dünyanın aparıcı dövlətləri məhz Azərbaycan dövlətinin rəsmi təmsilçisi olan Prezident İlham Əliyevlə işləyirlər. Nəzərə alsaq ki, dünyanın aparıcı qüvvələri mütləq şəkildə Azərbaycan hakimiyyətini qəbul edib və onunla işləyirlər. Belə bir şəraitdə ölkənin daxilindəki radikal qüvvələrə xaricdən bununla bağlı hər hansı bir dəstəyin ola biləcəyi də mümkünsüzdür. Ona görə də belə aksiyaların keçirilməsi cəhdləri bu başdan iflasa məhkumdur. Həm də hakimiyyət orqanlarının bu aksiyaya icazə verməməsinin özü də çox ciddi əsaslara malikdir. Çünki indiyə qədərki xüsusilə də son bir ay müddətində keçirilən aksiyalarda rastlaşdığımız pozuntuların araşdırılması hələ tamamilə başa çatmayıb. Bu aksiyaların keçirilməsi üçün təşkilatçılıq məsuliyyətini öz üzərinə götürən dairələr hüquq pozuntularının olmayacağı, sabitliyin təmin olunacağı ilə bağlı hər hansı bir öhdəlik götürmürlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə