"Azərbaycan Avropanın enerji təhlükəsizliyinə zəmanət verir" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komisarı Günter Ottinger ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasından məmnunluq ifadə olunub. Bu baxımdan layihə üzrə Məşvərət Şurasının toplantılarının əhəmiyyəti vurğulanıb. Cənab Prezident bu layihənin icrasında Avropa ittifaqının fəal iştirakını və rolunu qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib. “Cənub Qaz Dəhlizi”nin rəsmi açlış mərasimi 2018-ci ilin may ayında keçirilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır: “Bu layihə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 5-ci toplantısında Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger bildirib ki, layihənin başa çatdırılması 2020-ci ilin yayına nəzərdə tutulub. O qeyd edib ki, Avropada Azərbaycan qazına maraq daha da artır. Serbiya, Macarıstan və San-Marino Məşvərət Şurasına daxil olublar. Bunula Məşvərət Şurasına üzv ölkələrin sayı 17-ə çatmışdır. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Cənub Qaz Dəhlizi layihəsi marağı olan bütün ölkələr üçün açıqdır.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır.

Bu layihə Avropa İttifaqının eneryi təhlükəsizliyinin, iqtisadi stabilliyinin və eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilmişdir. Bu Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığını göstərir və Azərbaycanın Dünyada durmadan artan nüfuzunun göstəricisidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə