Ermənistan hakimiyyəti Paşinyanın uydurduğu azadlığı satır

Eks prezidentin qardaşı Aleksand Sarqsyan dövlətə 18,5 milyon dollar köçürüb. Özü də təmənnasız. Bu barədə Ermənistana məxsus 1in.am saytı məlumat yayımlayıb və məlumatda o da qeyd olunub ki, bu sarı mətbuatın yayımladığı sensasiya, ya da şayə deyil, hakimiyyət aparatından kütləvi informasiya vasitələrindən birinə göndərilən yazılı şəkildə məlumatdır.

Maraqlıdır, heç bir məhkəmə araşdırması, heç bir məhkəmə prosesi olmadan, qüvvəyə minmiş qanuni hökm olmadan müttəhim hansı əsasa görə bu qədər məbləği dövlətə köçürür? Ermənistana məxsus mətbuat səhifələri belə etiraf edir ki, bu və bir sıra digər məsələlər hadisələrin qeyri-qanuniliyini və şübhəliliyini təsdiq edir. Eyni zamanda çox maraqlıdır, hansı metodikaya əsasən, hansı təyinetmə üsuluna və kimin qərarı ilə müəyyənləşdirilib ki, Aleksand Sarqsyan məhz həmin məbləğı hökumətə verməlidir? Niyə bu məbləğ 28,5, yaxud 8,5 milyon deyil, məhz 18,5 milyondur və bu rəqəmi kim müəyyənləşdirir?

Ermənistanda qanunsuz əməllərə görə hökumətə müəyyən məbləğdə pul ödəməklə cəzadan yaxa qurtarmaq kimi bir presedent formalaşıb

Ödənilən məbləğ əslində müzakirə mövzusu deyil, onun hansı hüquqi aktla təyin olunmasıdır. Hansı normalar bu məbləği təsdiq edə bilir və bu normalar kimlər tərəfindən müəyyənləşdirilir? Heç bir məhkəmə prosesi olmyıbsa, müttəhimə qarşı qanuni akt nəzərdə tutulmayıbsa, cəza təyin edilməyibsə A.Sarqsyan niyə dövlətə ödəmə, köçürmə edir və köçürüləcək vəsaitin bu məbləğdə olmasını kim qərar verir? Məhkəmə olmadan, hüquqi akt olmadan lap elə inzibati cəza tədbirinin təyin edilməsi, müttəhimə bir növ cərimə ödətmək hansı demokratiya, hansı azadlıqdır?

Ola bilsin hakimiyyətə yaxın olan erməni hüquqşunaslar movcud hala görə hansısa qeyri-dəqiq izahatlar tapa da bilərlər. Amma başda Paşinyan olmaqla, bütün ermənilər dərk etməlidirlər ki, bu məsələnin təkcə hüquqi və qanuni tərəflərinin olub-olmaması problemin kökü deyil. Ermənistanda yaranan əsl problem ondan ibarətdir ki, hazırda faktiki olaraq nə zamansa törədilmiş qeyri-qanuni əməllərə görə hökumətə müəyyən məbləğdə pul ödəməklə cəzadan yaxa qurtarmaq kimi bir presedent formalaşıb. Daha dəqiq desək, belə çıxır ki, hazırda Ermənistanda nə vaxtsa törədilən cinayətə, qanunsuz əməllərə görə hansısa miqdarda vəsait, pul ödəyərək cəzadan yaxa qurtarmaq, bir sözlə qanundan yayınmaq mümkündür.

Erməni mətbuatında belə etiraf olunur ki, Ermənistanın yeni hakimiyyəti ödəniş edildiyi halda, yəni pul qarşılığı olduğu halda qanunsuz əməllərə dövlət səviyyəsində şərait yaradır. Ədalət məhkəməsi yeni Ermənistan deyilən ölkədə ödənişlidirmi? Belə məlum olur ki, Ermənistanda ödəniş qabiliyyətli insanlar pul ödəməklə ədalət məhkəməsindən boyun qaçıra bilirlər. Kimlər ki, belə bir ödəniş qabiliyyətinə malik deyillər, deməli yalnız onlar mühakimə olunacaqlar. Deməli, hər qərarı hakimiyyət müəyyənləşdirir və hətta məhkəmə orqanlarına da istədiyi kimi diqtə edir. Ermənistan mediası belə bu vəziyyəti işıqlandırmaqdan çəkinmir və ölkədə dırnaqarası demokratiyanı, Paşinyanın, eyni zamana onun iddia etdiyi yeni Ermənistanın simasını da inkar etmir.

Ermənistanda yeni hakimiyyət iddia etdiyi dırnaqarası azadlığı, demokratiyanı satır

Bəli, artıq məhkəmə hökmləri də hökumətin ixtiyarındadır. Hüquqi məsələlər belə hökumət tərəfindən diktə olunur və prosedurlar da yeni hakimiyyət tərəfindən təyin edilir. Nə ədalət məhkəmsi, nə qanun, nə də qanunvericiliyin tələbləri hesaba alınmır. Bu mənzərə Paşinyanın Ermənistana gətirmək istədiyi dırnaqarası azadlıq və əldəqayırma demokratiyadır. Yeni Ermənistan deyilən dövlətin əsil siması məhz budur.

Digər tərəfdən, Aleksand Sarqsyanın dövlətə 18,5 milyon dollar köçürməsindən ortaya suallar da çıxır. Hardandır Sarqsyanda bu qədər pullar? Hansı yollarla əldə edilib? Bu vəsaitlər heç də az məbləğ deyil və bu həmin vəsaitlər hansı mənbələrdən əldə edilib? Dövlətə köçürülən külli miqdarda pulun əldə edilməsi barədə qanuni sənədlər varmı? Yaxud, sənədlərdə öz əksini tapırmı?

Əslində, bütün suallar məhkəmə zalında səsləndirilməli idi. Halbuki, Sarqsyana artıq bu suallara cavab vermək məcburiyyətində deyil. Daha dəqiq desək, cavab vermək kimi bir vəziyyətdən tam azad olunub. İndi tam şəkildə azaddır və bu azadlığı ona yeni hakimiyyət verib. Daha dəqiq desək bu azadlıq ona satılıb. Yəni, Aleksand Sarqsyan məhkəmənin qərarı olmadan 18,5 milyon dollar vəsaitlə öz azadlığını satın alıb.

Göründüyü kimi, Ermənistanda yeni hakimiyyət iddia etdiyi dırnaqarası azadlığı, demokratiyanı satır. Paşinyanın pafosla dünyaya göstərmək istədiyi yeni Ermənistan çox gülünc bir durumdadır. Bu durum erməni deqradasiyasıdır. Bu deqradasiyanı öz populist çıxışları ilə bir keçə nümayişçisi gətirib. Hakimiyyətdən, idarəetmədən və ümumiyyətlə idarəçilikdən xəbəri olmayan küçə nümayişçisi. Hərçənd idarəçilik, dövlət idarəetməsi baxımından heç bir təcrübəsi olmayan küçə nümayişçisinin gətirəcəyi “azadlıq”, “demokratiya” bundan artıq ola da bilməzdi. Məsələ burasındadır ki, artıq bu gülünc vəziyyəti, erməni deqradasiyasını indi bütün Ermənistan ictimaiyyəti çox gözəl başa düşür və hətta kütləvi informasiya vasitələrində belə etiraf olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə