Sənədsiz bina qalmayacaq ANALİTİK

Prezident İlham Əliyev daha bir “çoxillik həllolunmaz problemə” son qoydu

Prezident İlham Əliyevin son çıxışlarının birində vurğuladığı kimi, Onun siyasətinin prioritet istiqamətlərindən biri də, mövcud problemlərin aradan qaldırılmasıdır. Daha dəqiq desək, dövlət başçımızın sosial siyasətinin tərkib hissəsində mühüm yerlərdən tutan bu tezis məhz belə düşünməyə əsas verir ki, xalqı narahat edən yerdə qalan problemlər qısa müddət ərzində həll olunacaq. Artıq aparılan inqilabi islahatlar və bu islahatlardan doğan reallıqlar göz önündədir. Onlardan biri də Prezident İlham Əliyevin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı Fərmandır. Məhz bu Fərmanla ölkə rəhbərimiz minlərlə vətəndaşı sevindirdi, artıq sübuta yetirildi ki, Azərbaycanda ümumiyyətlə, sənədsiz, yaxud qeydiyyatsız bina qalmayacaq. Prezident İlham Əliyev daha bir “çoxillik həllolunmaz problemə” son qoydu.

Bu Fərman 10 mindən artıq Azərbaycan vətəndaşının böyük sevincinə səbəb olub

Əbəs deyil ki, ölkəmizdə ən çox müzakirə edilən məsələlərdən biri də yeni inşa edilən binalarda binaların istismara alınması və həmin binalarda yaşayan sakinlərin mənzil çıxarışı ilə təmin edilməsi ilə bağlı olub. Məhz bu Fərman 10 mindən artıq Azərbaycan vətəndaşının böyük sevincinə səbəb olub. Belə ki, ekspertlərin də gəldikləri nəticələrə görə, Bakıda inşa edilən binaların təxminən 75 faizinin çıxarış, yaxud qeydiyyat sənədi yox idi.

Nəticədə həmin binalar istismara alınmadığı üçün, həmin binalarda məskunlaşmış mənzil sahibləri mənzil çıxarışı əldə edə bilməkdən məhrum idilər. Problemlərlə üzləşən vətəndaşlar isə binaların nə zaman istismara veriləcəyini gözləsələr də, illərdir həmin problemlərinin çözülməməsindən narahat olurdular. Bu Fərman isə demək olar ki, bütün narahatlıqları birdəfəlik aradan qaldırmış oldu. Artıq müvafiq dövlət qurumları həmin yöndə fəaliyyətə keçiblər.

Fərman həm iqtisadi, həm də sosial əhəmiyyətə malikdir

Daha bir mühüm amil isə, vətəndaşların çıxarış almaları üçün “ASAN Xidmət”ə müraciət etmələri olacaq. Daha dəqiq desək, sənədləşmə işləri ən peşəkar şəkildə, eləcə də vaxt itkisi olmadan həyata keçiriləcək, vətəndaşlar mülkiyyət hüquqlarını təmin edəcəklər. Ümumiyyətlə, sözügedən təminat çoxşaxəliyi ilə seçiləcək. Əbəs deyil ki, sözügedən Fərman həm iqtisadi, həm də sosial əhəmiyyətə malikdir və faktiki olaraq, 2019-cu ilin sonunadək 10 min vətəndaşımız məhz bu Fərmandan yararlanmaq imkanı qazanacaq. Bütün bunlar isə inqilabi islahatların növbəti mərhələsi kimi də qiymətləndirilə bilər. Daha dəqiq desək, Prezident İlham Əliyev bir daha öz vədinə sadiq qaldığını, insan amilinə önəm verdiyini, bu amili istiqamətləndirdiyi uğurlu sosial siyasəti ilə həyata keçirdiyini sübuta yetirdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə