YAP Yasamal rayon təşkilatı 26 yaşını qeyd etdi TƏDBİR - VİDEO-FOTOLAR

Tağı Əhmədov: “Bu gün partiyamızın Sədri, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə biz yeni-yeni uğurlara imza atırıq”

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə partiyanın rayon təşkilatının qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə gül-çiçək dəstələri düzüblər.

Tədbir təşkilatın konfrans zalında davam etdirilib. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma zərurətindən və bir sıra siyasi aspektlərdən bəhs edərək, tədbir iştirakçılarını salamlayıb.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin, eyni zamanda, partiyanın fəaliyyətində tarixi xidmətləri olmuş şəxslərin xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tağı Əhmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevə olan ümumxalq məhəbbətindən, Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərindən danışıb.

Qeyd edib ki, ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsizlərin Azərbaycana rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər. “O dövrdə xalqı bir ideya ətrafında birləşdirəcək vahid təşkilata, qətiyyətli liderə ehtiyac duyulurdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, Azərbaycan tarixinə “91-lər” kimi yazılan böyük hörmətə layiq ziyalılar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar”, - deyə qeyd edən YAP Yasamal rayon təşkilatının sədri 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildiyini, həmin hadisənin yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi olduğunu bildirib.

Həmçinin vurğulanıb ki, YAP Yasamal rayon təşkilatının təməli də həmin çətin dövrlərdə qoyulub və artıq 26 ildir ki, partiyanın rayon təşkilatı bu şanlı, şərəfli yolda addımlayır: “Bu gün partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz yeni-yeni uğurlara imza atır, Ulu Öndər Heydər Əliyev ideologiyasının inkişaf xətti ilə növbəti qələbələrə doğru addımlayırıq. Artıq 16 ildir ki, cənab İlham Əliyev bu ölkəyə rəhbərlik edir, xalqımız bu siyasətin ətrafında mütəşəkkilliklə birləşib”.

Bu gün dövlətçilik əleyhinə fəaliyyət göstərənlərin cəhdlərinin uğursuzluqla nəticələnəcəyini deyən Tağı Əhmədov, Azərbaycan xalqının belə ünsürlərə heç vaxt inanmadığını, onların xəyanətkar fəaliyyətlərini qəti şəkildə pislədiyini deyib əmin olduğunu vurğulayıb ki, Yeni Azərbaycan Partiyasını və xalqımızı qarşıda daha böyük qələbə və zəfərlər gözləyir.

Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açaraq, Yasamal rayonunun da bu istiqamətdə inkişaf yolu ilə irəlilədiyini bildirib. “Bu gün, partiyamızın cədri Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün sahələrdə gördükləri işləri, yorulmaz fəaliyyətləri hər birimizdə fərəh və qürur hissləri oyadır”, deyən Əziz Əzizov ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət rəhbərinin ilk olaraq, məhz Yasamal rayonuna gəldiyini xatırladıb və bu hadisənin bütün yasamallılar üçün tarixi hadisə olduğunu deyib: “Prezident İlham Əliyev Yasamal rayonuna hər səfərində möhtəşəm açılışlarda iştirak edib. Əlbəttə ki, bu bizləri qürurlandırır”.

Əziz Əzizov gənclərin də fəaliyyətinə toxunaraq deyib ki, ölkəmizdə mövcud sabitliyi, inkişafı pozan xəyanətkar qüvvələr var və onlar əldə edilən inkişaflı nailiyyətlərdən narahat olurlar. “Vətənini, dövlətini sevən, Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən gəncliyimiz də öz fəallıqlarını göstərməli həmin qüvvələrə layiq olduqları cavablarını verməlidirlər”, deyə natiq qeyd edib.

Əziz Əzizov YAP Yasamal rayon təşkilatının bütün üzvlərini yaradılmasının 26-cı ildönümü münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.

Çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru, YAP-nın Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə YAP-ın tarixindən bəhs edərək vurğulayıb ki, artıq inkişafın Azərbaycan modeli dünyada özünü doğruldur və təbliğ edilir. Bütün bunlar isə 26 illik çətin və şərəfli yolda əldə olunub. “Bu gün, əldə edilən bütün uğurlarda Heydər Əliyev qətiyyəti dayanır”, deyə qeyd edən Vüqar Rəhimzadə həmçinin Ulu Öndərin tarixi kəlamını da xatırladıb: “Ulu Öndər Heydər Əliyev deyirdi ki, biz müxalifətçilik naminə müxalifətdə deyilik, xalqın maraqları naminə müxalifətdəyik. Həmin vaxtlarda bu ideya ətrafında birləşən insanlara qarşı ardıcıl basqılar törədilirdi. Ulu Öndərin səsini xalqa çatdıran “Səs” qəzetinə, orada çalışam jurnalistlərə qarşı dəfələrlə hücumlar olundu. Lakin kimsə mübarizə yolundan geri çəkilmədi. Bəli, məhz Azərbaycan xalqının və dövlətçiliyinin qorunması, xilası üçün Heydər Əliyev xalqının, xalqı isə Onun yanında dayandı. Ötən 26 ildə dağılmaq ərəfəsində olan Azərbaycanı qüdrətli Azərbaycana çevirdi. Bu gün partiyamızın sıralarında 700 mindən artıq insanlar cəmləşib. Siyasi Şuranın üzvü olaraq deyə bilərəm ki, Azərbaycan dövləti və xalqı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha böyük uğurlara, nailiyyətlərə imza atacaq”.

Vüqar Rəhimzadə son vaxtlar aparılan islahatlara və sosial-iqtisadi uğurlara da toxunaraq bildirib ki, bu uğurlardan təlaş keçirənlər müxtəlif söyüş kampaniyalarına, sosial şəbəkələr vasitəsi ilə uğursuz vasitələrə əl atırlar: “Məhz bütün bunlara görə, bizlərin hər birimiz dövlətimizi qorumalı, belə xəyanətkarların, yaramaz əməllər törədənlərin qarşılarına çıxaraq, qəti cavablarımızı verməliyik. Çünki bu dövlət bizim hər birimizindir, necə mübarizliklər nümayiş etdirmişiksə, bundan sonra da qarşımızda dayanan əsas vəzifələrimizdən biri də bu olmalıdır”.

“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev bütün YAP üzvlərini təbrik edib və partiyanın təsis olunduğu illərdə ölkədəki gərginlikdən, səbatsız hakimiyyətin yaratdığı xaosdan danışaraq bildirib ki, ilk gündən ölkədəki sabitliyin, inkişafın istiqamətlərini irəli sürdüyü konsepsiya ilə müəyyənləşdirən Ulu Öndər Heydər Əliyev bununla müstəqilliyimizin əbədiliyini təmin edib. “Ölkədə ictimai-siyasi proseslərin mürəkkəbləşdiyi bir zamanda tarixi zərurətdən yaranan, xalqa daha yaxın olan Yeni Azərbaycan Partiyası ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırdı”, deyən Bəhruz Quliyev bildirib ki, bu gün sosial şəbəkələrdə Azərbaycan dövlətinin və xalqının əleyhinə mənəvi terror tətbiq edilir, söyüş kampaniyaları aparılır: “Xalqımıza qarşı belə çirkin kampaniyaları təşkil edən texnoloqlar yaxşı bilirlər ki, xalqımız söyüşlərə, təhqirlərə susan xalq deyil. Məhz bu vasitələrlə sabitliyi pozmağa çalışırlar. Ancaq həmin kampaniyalarda iştirak edənlər unutmamalı, birdəfəlik dərk etməlidirlər ki, onların cəhdləri istədikləri nəticəni verməyəcək. Çünki Azərbaycan xalqı inkişafın, sabitliyin, tərəqqinin ardınca gedir və bu yoldan bizləri heç bir qüvvə çəkindirə bilməz. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur, bu yol müstəqil, güclü Azərbaycan və ölkəmizi qüdrətli edən, partiyamızın Sədri, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yoldur. Yaşasın, Yeni Azərbaycan Partiyası! Yaşasın cənab İlham Əliyev!”.

Tədbirdə gənclər adından çıxış edən Atababa Manafov da vurğulayıb ki, YAP ətrafında birləşən Azərbaycan gəncliyi bundan sonra da partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın inkişafı, tərəqqisi yolunda yorulmadan çalışacaqlar.

Sonra bir qrup fəal partiya üzvləri diplom və fərmanlarla mükafatlandırıldılar.

Mükafatlandırılmalardan sonra, tədbirin bədii hissəsi açıq elan edilib. Ölkəmizin tanınmış mədəniyyət və incəsənət ustaları bir-birindən maraqlı konsert proqramları ilə çıxış edərək, tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə