"Rəqabət günü-gündən daha intensiv xarakter daşıyır” ÖZƏL-RƏY

“ABŞ və Rusiyanın maraq, təsir dairələrini genişləndirmək uğrunda apardığı rəqabət günü-gündən daha da intensiv xarakter daşıyır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu dövlətlər maraq dairələrində olan ölkələrdə şəriksiz söz sahibi olmaq üçün mübarizə aparırlar: “Bir sıra dövlətlər təsir dairəsindən çıxaraq müstəqillik xəyalına düşdükdə çox sərt əks həmlə ilə qarşılaşırlar. Hər iki dövlətin maraqlarının toqquşduğu bölgələrdə isə amansız müharibələr baş verir. Bu vəziyyəti keçmiş Sovet respublikaları ötən əsrin 90-cı illərində öz şəxsi təcrübəsində sınayıb. 1995-ci ilə qədər Rusiya keçmiş müttəfiq respublikalarda separatçı rejimlər yaratmaqla de-fakto bu ölkələri özündən asılı duruma saldı. Bu vəziyyət imperialist Rusiyaya separatizm tələsinə düşürülmüş ölkələr üzərində manipulyasiya etmək imkanı yaradır.

Rusiya öz maraq dairəsində olan ölkələrdə söz sahibliyini saxlamaq məqsədilə Qərbin tətbiq etməyinə ehtimal olunan “rəngli inqilab” planını önləmək üçün müəyyən tədbirlər görməyə çalışır. Gürcüstan və Özbəkistan nümunəsi müşahidə etdiyimiz ən yaxın hadisədir. Ermənistanda isə nüfuz mübarizəsi davam edir. Azərbaycan əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasət nəticəsində bu təzyiqlərin qarşısında dayana bilib. Lakin baş verənləri incələdikdə görürük ki, artıq dünya gücləri balanslı siyasəti qəbul etmirlər. Onlar tərəfdarlarından konkret mövqe tələb edirlər.

Hazırda Qərbin və ABŞ-ın əsas məqsədi Rusiya və İranda siyasi hakimiyyət və dövlət quruluşunu dəyişməkdir. Rusiya Putin erasının sonuna yaxınlaşır. Prezidentlik müddətini başa vurduqdan sona Putin Rusiya siyasətindən kənarlaşdırılacaq. Çin faktorunu nəzərə alıb bu ölkədə xaos yaşanmasına imkan verməyəcəklər. Bundan öncə isə bütün diqqətlər İrana yönlənəcək. İranda islam dövlət quruluşunu dəyişmək planı həyata keçiriləcək və böyük ehtimalla buna nail olacaqlar. Bizi də ən böyük təhlükə bu istiqamətdən gözləyir. İranda baş verəcək hər hansı dəyişiklik inqilab xarakterli olacaq və bu da istəməsək də Azərbaycana öz təsirini göstərə bilər. Yalnız daxili anlaşma və davamlı islahatlar xaricdən idxal olunan dağıdıcı inqilabları önləyə bilər.

Hesab edirəm ki, arzuolunmaz dağıdıcı inqilabların ölkəmizə sıçramamsı üçün islahatlar daha da geniş sahələri əhatə etməlidir. Hüquq, məhkəmə, və parlament sahələrində yenilənməyə böyük ehtiyac var. Parlamentin tərkibi cəmiyyətin sağlam və fərqli fikirli insanları ilə zənginləşdirilməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə