"Azərbaycan dövləti gələcəyimiz olan gənclərə çox yüksək diqqət və qayğı göstərir" MÖVQE

"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəyə çıxarılması müasir tələblərə uyğun aparılır". Bu fikri SİA-ya verdiyi açıqlamasında millət vəkili Eldar Quliyev deyib.

Millət vəkili bildirib ki, gənc nəslin düzgün və müasir tələblərə uyğun yetişdirilməsi hər bir ölkə üçün olduğu kimi müstəqil Azərbaycan Respublikası üçün də ən başlıca məsələdir: "Çünki heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Və bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar".

"Dövlət gənclər siyasətinin müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir" fikrini deyən E.Quliyev 2002-ci ildə "Gənclər siyasəti haqqında" qəbul olunan Qanun layihəsində müasir tələblərə uyğun dəyişikliklər edilməsinin zəruri olduğunu bildirib: "Bu da cəmiyyətdə gedən proseslərdən irəli gələn tələblərə tam uyğundur. Bu dəyişikliklərdən real həyatda tez-tez rast gəldiyimiz yeni anlayışların izahının verilməsini, gənclər siyasətinin məqsəd və prinsiplərinin, gənclər siyasətinin həyata keçirilməsində dövlətin vəzifələri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı məsələlərinin daha geniş və əhatəli əks olunmasını xüsusi qeyd etmək istəyirəm. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkəmizin gələcəyi olan gənclərə çox yüksək diqqət və qayğı göstərir, onların təhsili, tərbiyəsi, fıziki, mənəvi və əqli inkişafı, sağlamlığının qorunması üçün lazım gələn bütün tədbirləri həyata keçirir və bu tədbirləri daim təkmilləşdirmək əzmindədir".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə