"Bütün bunlar düşünülmüş uğurlu siyasətin nəticəsidir" ÖZƏL-RƏY

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq xalqın içində olması onu deməyə əsas verir ki, ölkə başçısı sözün əsl mənasında hər bir Azərbaycan vətəndaşının Prezidentidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputatın sözlərinə görə, dövlət başçısının görüşləri, səmimi müzakirələri xüsusilə də qayğıya ehtiyacı olan ailələrlə, şəhid ailələri ilə görüşü, zəlzələdən zərər çəkən ailələrlə görüşü, Beyləqanda ağsaqqallar və ağbirçəklərlə görüşü və s. bütün bunlar əlbəttə ki, ümumiləşmiş şəkildə onu deməyə əsas verir ki, ölkə başçımız Prezident kürsüsünə qalxdığı gündən bəri hər gün, hər an öz vətəndaşının yanındadır: "Prezident 16 ildir atdığı bütün addımlarla, verdiyi bütün Sərəncamlarla, rəhbəri olduğu bütün layihələr və proqramlarla vətəndaşının yanındadır. Ölkə başçısı vətəndaşının rifah halını, firəvanlığını düşünərək çox uğurlu daxili və xarici siyasət yürüdür. Bu günlərdə minimum əməkhaqqalarının, pensiyaların artırılması, eləcə də tələbələrin, magistrların təqaüdlərinin artırılması ilə bağlı Sərəncamlar verildi. Ötən gün isə dövlət başçısı bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzaladı. Bütün bunlar cəmiyyətdən gələn sosial sifarişlərdir ki, bu sahələrə ehtiyac var idi və bu sahələrin tənzimlənməsi baxımından cənab Prezident bu addımları atdı. Əlbəttə ki, bütün bunlar düşünülmüş uğurlu siyasətin nəticəsidir və millətini, xalqını, hər bir vətəndaşını ürəkdən sevən və hər an onların yanında olan bir Prezidentin həyata keçirdiyi siyasətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə