YAP Pirallahı rayon təşkilatının hesabat yığıncağı keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının (YAP) 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirilib. Partiyanın rayon təşkilatından SİA-ya daxil olan məlumata görə, 1992-cil noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir. Yaranmış sabitlik imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Dünya birliyinə sürətlə inteqrasiya edən gənc, müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatlar həyata keçirir. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, insanların rifah halının daha da yaxşılaşdırılması, gənclərə diqqət və qayğı həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir. Təsadüfi deyil ki, qəbul edilmiş dövlət proqramları uğurla icra edilir. Məhz bu inkişafın nəticəsidir ki, Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yaranması zərurəti meydana çıxdı. 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi. Yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı mühüm rolu mövcuddur.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının əməkdaşları, İdarə Heyəti, Şura üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə Pirallahı qəsəbəsində yerləşən 168 №-li orta məktəbin iclas zalında keçirilən hesabat yığıncağını açıq elan edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov gündəlikdə duran məsələləri yığıncaq iştirakçılarının nəzərinə çatdırıb. Tədbir iştirakçılarının yekdil qərarı ilə Hesabat yığıncağının gündəliyi təsdiq olunub.

İlk öncə Hesabat çıxışı ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov 2018-ci ildə görülən işlərdən danışaraq qeyd edib ki, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti məhsuldar olmuş və bir sıra uğurlu nəticələrlə yadda qalıb: “11 aprel 2018-ci il - Prezident seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı üzvlərinin yüksək fəallığı bir daha yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. 2018-ci ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər barədə məlumat verildi”.

Hesabat çıxışına münasibət bildirən yığıncaq iştirakçıları 2018-ci ildə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvləri Əli Kərimov, Ələddin Muxtarov, Sevda Alxasova, Mirdaməd İmanov, Fazil Məhəmmədov, Yaqub Hüseynov, Bəxtiyar Balakişiyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının rolunu qeyd ediblər.

2018-ci ildə partiya sıralarına qəbul edilmiş yeni üzvlərlə bağlı çıxışı zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov fəallığı ilə seçilən ərazi ilk partiya təşkilatlarının adlarını qeyd edərək, onlara gələcək fəaliyyətlərində də uğurlar arzu etdi. Bu gün partiya sıralarına perspektivli, gənc kadrların cəlb olunmasına üstünlük verilməsini ərazi ilk partiya təşkilatlarının sədrlərinin diqqətinə çatdırıb.

Tədbir partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyanın üzvlük vəsiqələrinin təqdim edilməsi və 2018-ci ildə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etmiş partiya fəallarının Fəxri Fərmanla təltif olunması ilə başa çatıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə