Xocavənd rayonunun Qaradağlı kəndinin işğalından 27 il ötür

Erməni silahlı dəstələri Xocalı qətliamına son "hazırlığı" bu kənddə keçmişdilər

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki mühüm yaşayış məntəqələrindən birinin Xocavənd (Martuni) rayonunun Qaradağlı kəndinin erməni silahlı dəstələri tərəfindən işğal edilməsindən 27 il ötür.
Qaradağlı kəndinin işğalı Xocalı qətliamına qədər Azərbaycanın yaşadığı ən faciəli hadisə, erməni işğalşı dəstələrinin törətdiyi müdhiş bir qırğın idi. Ermənilər Xocalı soyqırımına son "hazırlığı", həmim qətliamın "baş məşqini", məhz Qaradağlı kəndində keçmişdilər.
Erməni hərbi birləşmələri həmin dövrdə Xankəndidə (Stepanakert) yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq, azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma başlamışdılar. İki gün çəkən ağır döyüşdən sonra yaraqlı ermənilər fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.
Kənddə olan 104 nəfər sakindən 54-ü, 14 nəfər əsgərdən 12-si əzab və işgəncələrlə öldürüldü, insanlar diri-diri torpağa basdırıldı. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. 2 ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı.
İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdıldı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü.
Göründüyü kimi, həmişə işğalçılıqları ilə tarixə düşən erməni quldurlarının Qaradağlıda törətdikləri faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.
Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də, Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar, hələ də Ermənistan Respublikası tərəfindən yerinə yetirilmir.
Xocavəndli məcburi köçkünlər 27 ildir ki, köçkünlük həyatı yaşasalar da, doğma yurdlarına qayıdacaqlarına inanır, bu günü səbirsizliklə gözləyirlər. Xocavəndlilər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı siyasətini dəstəkləyir, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa və ön cərgələrdə döyüşməyə hazırdırlar.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə