Sumqayıtın mənzərəsi Azərbaycanın müasir nailiyyətlərini özündə təcəssüm etdirir

Dövlət başçısının Sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi qeyd olunacaq

Azərbaycanın müasir sənaye mərkəzlərindən olan Sumqayıt bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər olan Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək, parlaq inkişaf yolu keçib. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər, qısa müddət ərzində, ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir. Özünəməxsus inkişaf yolu keçən Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Belə ki, 2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Sərəncama əsasən, ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında şəhərin fəal iştirakı nəzərə alaraq, 70 illik yubileyi ölkədə geniş qeyd ediləcək. Sumqayıt şəhər icra hakimiyyəti 70 illik yubileylə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Sumqayıt şəhəri yarandığı gündən inkişaf mərhələləri keçmişdir. 1949-cu il - Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilib. Tez bir zamanda Sumqayıt Alüminyum zavodu, elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir. Burada Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanılıb. Bir-birinin ardınca yeni müəssisələr - kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu tikilərək istehsala başlayır.

SUMQAYITIN TARİXİNİN ƏN ƏLAMƏTDAR SƏHİFƏLƏRİ XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Sərəncamda qeyd olunduğu kimi, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda, xüsusən, neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.
Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Bu gün Sumqayıtın sosial-mədəni həyatında mühüm irəliləyiş və dəyişikliklər baş verir, şəhər yeni bir inkişaf mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyev dəfələrlə Sumqayıtda olmuş, bu şəhərin iqtisadi və mədəni inkişafına, elm və mədəniyyətinin tərəqqisinə daim yüksək qayğı və diqqət göstərmişdir. Ümummilli Liderin Sumqayıtın inkişafı ilə bağlı həyata keçirdiyi bütün tədbirlər sumqayıtlıların yaddaşına əbədi həkk olunmuşdur. Xalqımız milli müstəqilliyə nail olduqdan sonra Ulu Öndərin Sumqayıta diqqət və qayğısı daha da artmışdır. Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyevin Sumqayıt şəhərinə olan diqqət və qayğısı da davamlıdır. Son bir neçə ildə inşa edilən müxtəlif idman kompleksləri, sənaye obyektləri, təhsil və tibb ocaqları, mədəni mərkəzlər bu qayğının parlaq təzahürüdür.

ELMİN, TƏHSİLİN VƏ MƏDƏNİYYƏTİN ÜMUMİ TƏRƏQQİSİ İŞİNƏ LAYİQLİ TÖHFƏLƏR BƏXŞ EDİR

Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində "Sumqayıt Texnologiyalar Parkı" və "Sumqayıt Kimya Sənaye Parkı", həmçinin, digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiyaya əsasında yenidən qurulmuşdur.
Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri vardır. Sumqayıtda Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu, "Azərikimya" İstehsalat Birliyinin Dövlət Layihə İnstitutu və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Neftqazavtomat" Elm-İstehsalat Müəssisəsi fəaliyyət göstərir.
Sumqayıt şəhərinin gerbi də onu simvolizə edir. Belə ki, füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını göstərir.
Sumqayıtın qədim tarixi olmasa da, onun qəsəbələrinin ərazisində turistlərin diqqətini cəlb edə biləcək bir neçə tarixi abiədələr var, Corat qəsəbəsində 2 hamam (XVI-XVII əsrlər), məscid (XVII əsr), H.Z.Tağıyev qəsəbəsində Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi su-nasos qurğuları yerləşən bina (1916-cı il).
Turistlərin marağına səbəb ola biləcək mədəniyyət obyektləri də mövcuddur. Sumqayıtın tarixi muzeyinin fondunda bir çox maraqlı eksponatlar saxlanılır. Şəhərin rəsm qalereyasında istedadlı rəssamların rəsmləri və heykəltəraşlıq nümunələri nümayiş olunur.

SUMQAYIT ŞƏHƏRİNDƏ ABADLIQ-QURUCULUQ VƏ AVTOMOBİL YOLLARININ ƏSASLI TƏMİRİ İŞLƏRİNİN DAVAM ETDİRİLMƏSİ ÜÇÜN DÖVLƏT BÜDCƏSİNDƏN 3,0 (ÜÇ) MİLYON MANAT AYRILIB

Azərbaycan Respublikası Prezidentinin "Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 18 fevral tarixli Sərəncamı da, elə bu şəhərə olan diqqətin daha bir təzahürüdür. Sərəncama əsasən, Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sumqayıt şəhər icra hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində, Sumqayıt şəhərində sosialyönümlü bir sıra infrastruktur layihələr həyata keçirilib. Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün, ümumilikdə, 240 mənzilli 5 yaşayış binası inşa edilmişdir. Bütün bunlarla yanaşı, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, "Kimyaçılar" Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binaları əsaslı təmir olunmuşdur. Bu gün ölkəmizin bir çox yerlərində olduğu kimi, "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlamış, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. İri sənaye müəssisələri yaradılmış, 67 min yeni iş yeri açılmışdır. Bundan başqa, şəhər ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən, şəhər avtomobil yolları yenidən qurulmuş, çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi, lift təsərrüfatının yenidən qurulması sahəsində əsaslı işlər görülmüşdür. 106 hektar ərazidə dənizkənarı bulvar kompleksi salınmışdır.
Bu gün özünün yeni inkişaf dövrünü yaşayan Sumqayıtın sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə