Politoloq: "Dünyada gərginlik daha da artacaq" RƏY-ÖZƏL

“Dünyada vəziyyətin gərginləşdiyini nəzərə alaraq deyə bilərik ki, bu gərginlik daha da artacaq. Nə qədər ki, dünyanın güc mərkəzlərinin hər biri öz təsir, nüfuz məkanını genişləndirməyə çalışırsa, ildən-ilə biz bunun fəsadlarını görəcəyik”. Bu fikirləri açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Dünyada gərginliyin artma səbəblərini açıqlayan politoloq söyləyib ki, artıq ABŞ-ın dünyada hegemon güc olması sual altındadır: “ABŞ dünya liderliyinin öhdəsindən çətinliklə gələ bilir və yeni güc mərkəzləri yaranır. Artıq Rusiya dünyanın güclər sırasına qayıtmaq, ikiqütblü dünya nizamının tərəfdarıdır. Üçüncü tərəfdən Çin də böyük rola malikdir. Bir çox analitiklərin də sözlərinə görə, hazırda dünyada gedən proseslərin mərkəzinə üç ölkə təsir edir ki, bura Rusiya, ABŞ və Çindir. Ola bilsin ki, Çin təsir edir, lakin göründüyü kimi ABŞ-ı qıcıqlandırmamaq üçün təsirini gizlətməyə çalışır”.

Politoloq söyləyib ki, ABŞ-ın müttəfiqləri ilə yaranan ziddiyyətlər dünyada bir çox vektorların dəyişməsinə gətirib çıxara bilər.

Son 200 ildə dünyanın ən çox mübarizə nöqtəsinə çevrilən Yaxın Şərqdə baş verəcək proseslər haqqında söz açan S.İsgəndərov vurğulayıb ki, dünyada gedən proseslərin çoxu məhz bu bölgədə gedən proseslərdən asılı olacaq: "Ümumilikdə götürsək dünyada gərginlik təkcə münaqişələrin alovlanması, açıq müharibələrin gedəcəyi ilə bağlı olmayacaq, eyni zamanda dünyada pərdə arxası gizli toqquşmalar, oyunlar gedəcək ki, bunun özü də gərginliyin artmasına gətirib çıxaracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə