"Dünyada inqilab, çevriliş, zorakılıq arzuolunmaz haldır" MÖVQE-ÖZƏL

“Təəssüf ki, yaşadığımız dünyada zorakılıq tendensiyası geniş yer alıb. Burda İstər vətəndaşların zorakılıq aksiyaları, istər polislərin və ya ordunun vətəndaşlara yeridilməsi və digər hallar daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Belə halların xoşagəlməz olduğunu deyən politoloq söyləyib ki, istənilən proses qanun, hüquq çərçivəsində, dövlət-vətəndaş anlaşması şəraitində həll olunmalıdır: “Təəssüf ki, yaşadığımız dövr elə bir zamana təsadüf edir ki, yeni dünya düzəni formalaşır. Artıq köhnə düzən yoxdur. Burada da daxili iğtişaşlar, vətəndaş itaətsizliyi, müxtəlif aksiyalar ön yerdə gedir”.

N.Məmmədova qeyd edib ki, artıq dövlətlər bir-birilərinin ərazilərinə müdaxilədən, hərbi qoşun yeritməkdən daha çox başqa ölkənin daxilində vətəndaşları itaətsizliyə səsləyir, müxtəlif diskruktiv qüvvələrin xətti ilə itaətsizliyə çağırış edir, vətəndaşlar ayağa qalxır, dövlətə qarşı etirazlarını səsləndirirlər, hətta onun adını rəngli inqilablar qoyurlar: “Baş verənlər fonunda faktiki olaraq dünyada dövlət çevrilişləri baş verir, hakimiyyətdə olanlar uzaqlaşdırılır, onların yerinə xüsusilə də böyük dövlətlərin Qərbin, ABŞ-ın istədikləri şəxslər hakimiyyətə gətirilir. Amma təcrübə göstərir ki, bu hallar heç də uğurla nəticələnmir”.

Politoloq vurğulayıb ki, çox istisnalar olmaq şərti ilə indiyədək elə rəngli inqilablar baş verməyib ki, onun nəticəsində xalq birdən birə firavan yaşamağa başlasın, həyat gözəlləşsin: “Belə hallar olmur və olmaq ehtimalı yoxdur. Hər bir proses təkamül, əhalinin demokratiya təfəkkürünün tədricən formalaşması, onun inkişaf etməsi ilə baş verməlidir. Birdən-birə inqilab, çevriliş, zorakılıq arzu olunmaz haldır. İndiki dünyada da bunun heç bir səmərəsi yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə