"İqtisadi uğurlar əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradıb" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək böyük iqtisadi uğurlar əldə edib. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatı 1,8 milyard dollardan 46 milyard dollara çatıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

O bildirib ki, əldə olunan bu iqtisadi uğurlar ölkədə geniş sosial islahatlar artırılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradıb: “Ölkədə 2 milyon yeni iş yeri açılıb, əmək haqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 49 % dən 5,4 % ə endirilmişdir. Son 15 ildə 3 min 200 dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb”.

Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsinin əlillərinə xüsusi diqqət və qayğı göstərildiyini deyən komitənin sədr müavini söyləyib ki, 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra cənab Prezident tərəfindən imzalanan ilk Fərman da buna bariz nümunədir: “Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. 2019-cu il yanvarın 1-i tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhid ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinəti ilə təmin olunur. Ölkə başçısının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox - 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb”.

R. Əliyev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə 01.02.2019-cu il tarixdən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 242 manatdan artırılaraq 300 manat müəyyən edilib: “Cənab Prezidentin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu ilin mart ayının 1-dən minimum əmək haqqının 38,5 % (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda, eləcə də özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artırılmasına imkan verəcək. Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı üçün (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq. Prezidentin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 14 fevral 2019-cu il tarixli sərəncamı, “Azərbaycan Respublikasının ali məktəbləri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi ilə bağlı 14 fevral 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri orta hesabla 20 % artırılır. Bu da 600-ə yaxın doktorantı və 110 mindən artıq tələbəni əhatə edir”.

Bu yaxınlarda əmək pensiyalarının minimum məbləğinin 116 manatdan 160 manatadək artırılmasının nəzərdə tutulduğunu xüsusi vurğulayan deputat qeyd edib ki, bu da təxminən 38 % artım deməkdir: “Bu artımdan 233 min əmək pensiyaçısı yararlanacaq. Bu artımın maliyyələşməsi üçün ildə dövlət büdcəsindən 49 milyon manat vəsaitin ayrılacaq. Ölkə başçısının əhalinin müxtəlif təbəqələrinin sosial-rifah halının daha da yaxşılaşdırılmasını təmin edən son fərman və sərəncamları bir daha göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının durmadan yüksəldilməsi dayanır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə