"Düşmən təxribatına uymaq lazım deyil” ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə, Çeçen xalqı ilə Azərbaycan xalqını bir-birinə tarixi dostluq kökləri bağlayır. Bu gün də Azərbaycan dövləti ilə Rusiya Federasiyasının Çeçenistan Respublikası arasında çox yüksək səviyyədə münasibətlər var. Bu mənada hesab edirəm ki, fevralın 15-də Moskavadakı “Neolit” kafesində baş verən hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanın özündə də iki qonşu azərbaycanlı da bir-biri ilə dalaşır: "Eləcə də Çeçenistanda və yaxud başqa yerdə iki çeçenlər də bir-biri ilə dalaşa bilər. Burada bunu şişirdib təxribat xarakterli məlumat kimi yaymağın, iki millət arasına ixtilaf və düşmənçilik salmağın heç bir mənası yoxdur. Təbii ki, buna da heç kim nail olmayacaq. Yəni bu məsələdə mən hesab edirəm ki, çox ciddi düşmən müdaxiləsi var. Bu gün Moskvada çoxlu sayda həm ermənilər yaşayır. Bu heç kimə sirr deyil. Hətta deyərdim ki, dava-dalaşın düşməsində hökmən düşmən izi vardır. Düşmən də təbii ki, Azərbaycan və Çeçen xalqlarının dostluğunun pozulmasına və Moskvada yaşayan soydaşlarımız üçün əlavə problemlər yaratmağa çalışır. Onlar öz xeyirləri üçün hər iki tərəfi nüfuzdan, hörmətdən salmağa çalışırlar. Bu məsələ ilə bağlı şəxsən cənab Prezidentimi çox ciddi məşğul olur və lazımi tapşırıqlar verib. Eləcə də Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu bu məsələ ilə ciddi məşğuldur. Həmçinin Moskvada Azərbaycanı təmsil edən kifayət qədər nüfuzlu bizim soydaşlarımız var ki, onlar bu məsələ ilə çox ciddi məşğuldurlar və bu problemin aradan qaldırılması üçün əllərindən gələni edirlər. Eyni zamanda bunu Çeçenistan tərəfi üçün də demək olar. Çeçenistan Prezidenti Ramzan Kadırov və digər rəsmilər də çalışırlar ki, problem aradan qaldırılsın. Hesab edirəm ki, düşmən təxribatına uymaq lazım deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə