"Azərbaycan danışıqlarda üstün durumdadır” ÖZƏL-RƏY

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elə bir fazaya keçib ki, artıq güclü tərəf öz diktəsini edir. Ermənistanla müqayisədə hərbi və iqtisadiyyat sahələrində daha böyük imkanlara malik olan Azərbaycan danışıqlarda üstün durumdadır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, 2010-cu ildən sonra Azərbaycanda iqtisadi maraqları olan dünyanın ən aparıcı dövlətləri və beynəlxalq qurumlar münaqişənin ədalətli həllini tələb edirlər: “İndiyə qədər ağır iqtisadi vəziyyətdə yaşayan Ermənistan Rusiya və İranın birbaşa hərbi-iqtisadi dəstəyi ilə danışıqlarda balans yarada bilirdi. Bundan sonra regionda siyasi vəziyyətin sürətlə dəyişəcəyinin şahidi olacağıq. ABŞ-ın İrana qarşı basqılarını Rusiya və Çin durdurmaq gücündə deyillər. Hətta Rusiyanın özü bu basqılara və embarqolara davam gətirə bilmir. Qərbin ən başlıca planlarından biri olan Rusiya və İranın avtoritar rejimlərini devirərək bir-birini əvəz edən hakimiyyətlər formalaşdırmaqdır. Bu proseslər reallaşdığı anda Ermənistan ordusu güclü və uzun müddətli döyüşlər aparmaq qabiliyyətinə malik olan Azərbaycan ordusu ilə təkbaşına qala bilər. Lakin Ermənistan hələ də hərtərəfli dəstək almaq üzrədir.

Bu günlərdə Moskva şəhərində soydaşlarımıza qarşı aparılan çirkin kampaniya düşünmülmüş planın tərkib hissəsidir. Rusiyada qaranlıq əməlləri həyata keçirən qruplar tərəfindən soydaşlarımıza qarşı təxribatlar əslində bütövlükdə Qarabağ danışıqlarında təslimçi sülhə imza atmaqdan imtina edən Azərbaycan rəhbərliyinə qarşı yönəlmiş basqılardır. Prezidentin Real TV-yə müsahibəsi zaman “kim güclüdür, o da haqlıdır” məhşur deyimə müraciət etməsi günün reallığını əks etdirir. Azərbaycan daha güclü olmalıdır ki, danışıqlar masası arxasında öz haqlı mövqeyini müdafiə etməsi ilə yanaşı ciddi iddialarını da ortaya qoya bilsin. Ona görə də siyasətimizin əsas prioriteti güclü ordu və güclü iqtisadiyyatd olmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə