"Bizim xalqlarımız və dövlət başçılarımız dost münasibətindədirlər" ÖZƏL-RƏY

“Ötən gün Moskvada “Neolit” kafesində məişət zəminində azərbaycanlılar və çeçenlər arasında insident yaşanıb. Bu xoşagəlməz hadisəyə müəyyən antiAzərbaycan dairələr rəng qatmaq istəyirlər və onu fərqli bir ampulada tədim etmək istəyirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, əslində isə bütün bu cəhdlərin heç bir mənası yoxdur: "Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun söylədiyi kimi Azərbaycan və Çeçen xalqlarını tarix birləşdirir. Bizim tarixən dostluq, mehriban qonşuluq münasibətlərimiz olub. Ona görə də heç bir qüvvə bu dostluğa, qardaşlığa xələl gətirə bilməz. Həqiqətən də bu gün heç kəsə sirr deyildir ki, Azərbaycan xalqı ilə Çeçen xalqı arasında tarixən çox sıx münasibətlər olub. Bizim xalqlarımız və dövlət başçılarımız dost münasibətindədirlər. Ötən ilin son aylarında Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun Azərbaycana səfəri və Azərbaycan dövləti başçısı ilə aparılan danışıqlar bir daha təsdiqlədi ki, dövlət başçıları arasında da çox sıx dostluq münasibətləri mövcuddur. Eyni zamanda dövlətlərimiz arasında çox sıx münasibətlər vardır.

Nəzərə alsaq ki, bu hadisə Rusiyada baş verib və Rusiya ilə də Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var. İki dövlətin münasibətləri özünün ən yüksək səviyyəsinə gəlib çatıb. Eyni zamanda Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri var. Xalqlarımız və dostlarımız dostdur. Bütün bu reallıqlar fonunda biz bu hadisəyə qiymət versək, bir daha əmin olmaq olur ki, bu bir məişət zəminində baş vermiş kriminal hadisədir. Bunun iki dövlətin və xalqlarının münasibətlərinə heç bir dəxli yoxdur. Əgər kimlərsə bu dostluğu pozmağa cəhd edirsə, o çox mənasız bir işlə məşğuldur. Onların bu arzuları ürəylərində və gözlərində qalacaq. Bu iki xalqın arasında daxil olmaq istəyən o üçüncü qüvvə elə bu iki xalqın arasında sıxılıb məhv olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə