"Hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz” ÖZƏL-ŞƏRH

“Fevralın 15-də Moskavadakı “Neolit” kafesində baş verən hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı və Çeçen xalqı arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur: “Bu münasibətləri heç kəs sarsıda biməz, ona zərbə vura bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də bir daha sübut olundu ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənlərinə sadiqdirlər. Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu, azərbaycanlılar da daima Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daima inkişaf etdirərək diqqət mərkəzində saxladı. Bunun ən bariz nümunələrindən biri də Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə əməkdaşlıq münasibətlərimizin daha da dərinləşməsidir və Azərbaycan Prezidenti bu münasibətlərə böyük diqqət göstərir. Elə Çeçenistan Prezidenti Ramzan Kadırov da daxil olmaqla qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da hadisəni hökumətin adından şərh edərkən haqlı olaraq bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Doğurdan da xırda məişət hadisəsini illi münaqişə kimi təqdim etmək olmaz. Biz elə azərbaycanlıların da öz aralarında münaqişə zəmnində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyi, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq mən məsələnin bir başqa aspektinə də diqqəti yönəltmək istəyərdim. Bu məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur. Bir müddət əvvəl Qazaxıstanda baş verən hadisə zamanı erməni mənşəli cinayətkar sadəcə cinayəti törətməklə kifayətlənməmiş qardaş qazax xalqının milli hisslərini də təhqir etmişdi. Mümkündür ki, erməni lobbiçiləri həmin hadisəni öz lehlərinə kompensasiya etmək üçün, bu hadisəni şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlı olsunlar və Rusiyadakı əlaqələrindən bu məqsədlə istifadə etsinlər. Ona görə də belə məsələlərdə diqqətli olmalı hadisənin məişət zəminindən kənar təqdim edilməsinə yol verməməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə