"Təhsil sahəsinə ayrılan diqqət və qayğı inkişaf konsepsiyasının tərkib hissəsidir" RƏY-ÖZƏL

"Ümummilli lider Heydər Əliyevin parlaq gələcəyimizə hesablanan uğurlu siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev elmə, təhsilə qayğını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkəmizin xoşbəxt gələcəyinə hesablanan təhsilə olan dövlət qayğısı daim diqqət mərkəzində olub". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, ölkə başçısının "İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq" fikirləri təhsil sahəsinə ayrılan diqqət və qayğının müasir Azərbaycanın inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olduğunun təsdiqidir.

Deputat söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin artırılması ilə bağlı imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına daha bir töhfə, tələbələrin təhsillərinin keyfiyyətini artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq.

N. Həmzəyevin sözlərinə görə, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, imzalanan fərman və sərəncamlar deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir: "Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə yanaşı insan kapitalının daha da inkişaf etdirilməsini dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib. Son 15 ildə əhalinin sosial rifahının yaxşılaşdırılması, pensiyaların artırılması kimi bir-birini tamamlayan davamlı olaraq atılan addımlar elm, təhsil arxasınca gedən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində verilən strateji qərarlar bir daha təsdiq edir ki, hədəf müstəqil Azərbaycanın parlaq gələcəyini təmin etməkdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə