"Sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağını artıracaq" MÖVQE-ÖZƏL

“Dövlət başçısının təqaüdlərin artırılması ilə bağlı imzaladığı sərəncamlar tələbə-gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsində atılan mühüm addımdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq.

Hazırda Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlərin görüldüyünü deyən deputat söyləyib ki, ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf bu sektorda da aşkar şəkildə nəzərə çarpır.

P. Kərimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən proqramlar təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib: “Bu baxımdan, dövlət başçısının imzaladığı sözügedən sərəncamlar da böyük əhəmiyyət kəsb edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə