Bəhruz Quliyev: "Gənclərimiz, tələbələrimiz onlara göstərilən dövlət qayğısından bəhrələnirlər” MÖVQE

"Prezident İlham Əliyevin gənclər siyasətində müəyyənləşdirdiyi uğurlu strategiya söz yox ki, Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün aparılan ardıcıl işlərin məntiqi davamıdır". Bu fikirləri Olaylar.az -a "Səs" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyi Sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlərin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "O cümlədən, gənclərimiz, tələbələrimiz onlara göstərilən bu qayğıdan bəhrələnərək, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda davamlı töhfələrini verəcəklər. Ümumiyyətlə, Azərbaycanda gənclərin təhsillə yanaşı, onların sosial müdafiə və işlə təminatlarının daim diqqətdə saxlanılması artıq bir mexanizm halına gətirilib və Prezident İlham Əliyev hər zaman bu məsələni şəxsi diqqətində saxlayır. O da əbəs deyil ki, bu günün mütərəqqi gənci İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bütün çıxışlarında bəyan edirlər. Bu, Vətənini, dövlətini sevən hər bir gəncin səmimi etirafı və deyərdim ki, dövləti qarşısında verdiyi sözüdür".

"Cənab Prezident, gənclərlə keçirdiyi görüşündə də vurğulayıb ki, onlar bizim gələcəyimizdir və dövlətimizin gələcək inkişafı məhz onların əlindədir", deyə qeyd edən Bəhruz Quliyev vurğulayıb ki, bu gün Azərbaycanda sayı yüz minlərlə olan tələbə-gənclər hərəkatı formalaşıb: "Bu hərəkat bilavasitə dövlət başçısının, dövlət maraqlarının, dövlət siyasətinin ətrafında sıx birləşiblər və bizlər də bu reallıqdan çıxış edərək, hər an tələbə və gənclərimizin dəstəyində dayanmalı, dövlətimizin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətə öz töhfələrimizi verməliyik. Düşünürəm ki, bu gün hər bir gənc də bunu anlayır və fəaliyyətini bu istiqamətdə qurur".

Bütün xəbərlər Facebook səhifəmizdə